Keçilərin insan səsini izləyərək yemək tapa bildiyi məlum olub



Yeni bir elmi araşdırma keçilərin eynilə azyaşlı uşaqlar kimi bir obyekti tapmaq üçün insan səsinin yönünü izləyə bildiyini ortaya qoyub.

AFN.az xəbər verir ki, mütəxəssislər bu vəziyyəti səsli şəkildə işarəetmə forması kimi qiymətləndirirlər.

Sürix Universitetindən professor Saymon Taunsendin rəhbərlik etdiyi ekspertlər insan səsindəki ipuclarını izləmək bacarığının şimpanzelərdə olmadığını, lakin daha əvvəl itlərdə qeydə alındığını bildiriblər.

Bu vəziyyət sözügedən qabiliyyətin heyvanların əhliləşdirilmə prosesi ilə bağlı ola biləcəyi ehtimalını artırıb.

"Royal Society Open Science" jurnalında dərc olunan araşdırmada elm insanları bəşəriyyətin ən qədim əhliləşdirilmiş növlərindən biri olan keçilər üzərində təcrübələr aparıblar.

Tədqiqat zamanı taxta pərdənin arxasında gizlənən araşdırmaçı keçilərin görə bilməyəcəyi şəkildə qablardan birinə yemək qoyub.

Tədqiqatçı pərdə arxasından gizlənərək içi dolu olan qabın istiqamətinə tərəf həyəcanlı səs tonu ilə danışıb.

Testdən keçən 29 keçinin araşdırmaçının səsləndiyi istiqamətdəki dolu qaba tərəf getmə göstəricisi 60 faiz olaraq qeydə alınıb.

Buna qarşı, tədqiqatçının səssiz qaldığı və ya qablardan tamamilə müstəqil bir tərəfə doğru danışdığı hallarda keçilərin uğur göstəricisi müvafiq olaraq 47 və 49 faizdə qalıb.

Bu nisbətlər heyvanların tamamilə təsadüfə əsaslanaraq hərəkət etdiyini göstərib.

Araşdırma qrupundan doktor Stüart Uatson əldə edilən nəticələrin növlərin insan həyatı ilə uyğunlaşmasını təmin edən koqnitiv (idrak) dəyişikliklərə işıq tuta biləcəyini və heyvanların rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini ifadə edib.

Keçilərin dünyanı necə qavradığını anlamağın həm insanlar, həm də heyvanlar üçün faydalı olduğunu bildirib.

Daha əvvəl aparılan araşdırmalar da keçilərin insanın əl işarələrini təqib edə bildiyini, insan səsindəki fərqli duyğuları ayırd edə bildiyini və müsbət üz ifadələrini mənfi olanlardan üstün tutduğunu nümayiş etdirmişdi.

Elm insanları bu qabiliyyətin anadangəlmə olub-olmadığını anlamaq üçün bənzər təcrübələrin vəhşi keçilər üzərində də təkrarlanmalı olduğunu qeyd edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu