Brent markalı neftin barreli 91,34 dollardan satılır



Brent markalı neftin barreli beynəlxalq fyuçers bazarlarında 91,34 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 94,42 dollara qədər yüksələn Brent neftinin barrel qiyməti günü 91,45 dollar səviyyəsində başa vurub.

Brent markalı neftin fyuçers barrel qiyməti bu gün saat 10:36-a olan məlumata görə, bağlanış qiyməti ilə müqayisədə təxminən 0,1 faiz azalaraq 91,34 dollar olub.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin barreli isə 88,01 dollardan alıcı tapıb.

Dünən təxminən 3 faiz dəyər itirərək son 7 həftənin ən aşağı səviyyəsinə geriləyən neft qiymətləri ABŞ-ın İrana yönəlmiş hücum əməliyyatını tamamladığını açıqlaması və qarşıdurmanın daha genişmiqyaslı gərginliyə çevrilməyəcəyinə dair gözləntilərlə enişini davam etdirib.

ABŞ-ın hücum əməliyyatını tamamladığını elan etməsi və qarşıdurmanın enerji tədarükünü daha çox riskə atacaq şəkildə böyüməyəcəyi gözləntisi bazarlarda təklif narahatlığını yüngülləşdirərək neft qiymətlərinə aşağı yönümlü təsir göstərib.

Digər tərəfdən, qlobal neft tələbatına dair zəif proqnozlar və ABŞ-da xam neft hasilatının artacağı gözləntisi də qiymətlərin enişini dəstəkləyib.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) "İyun 2026 Qısamüddətli Enerji Proqnozu Hesabatı"na görə, Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən bölgələrdəki mövcud göstəricilər neft tələbatında gözləniləndən daha kəskin bir geriləməyə işarə edir.

Bu çərçivədə EIA qlobal neft tələbatının 2026-cı ildə günlük ortalama 1,1 milyon barrel azalacağını proqnozlaşdırır.

Qurum ötən ay tələbatda günlük 200 min barrellik, fevralda isə günlük 1,2 milyon barrellik artım ehtimal edirdi.

Eyni zamanda EIA ABŞ-da günlük ortalama xam neft hasilatının bu il 13 milyon 720 min barrelə çatacağını gözləyir ki, qurumun əvvəlki hesabatında bu göstərici 13 milyon 650 min barrel səviyyəsində idi.

Bundan əlavə, ABŞ-da inflyasiya təzyiqlərinin güclənməkdə davam etməsi də qiymətlərə təsir edən digər mühüm amil kimi önə çıxır.

Ekspertlər bu gün açıqlanacaq may ayı inflyasiya göstəricilərinin illik bazda 2023-cü ilin aprelindən bəri ən sürətli artımı nümayiş etdirə biləcəyini qeyd edirlər.

Bazarlarda Yaxın Şərqdəki gərginlik səbəbindən yüksələn enerji xərclərinin istehlakçı qiymətlərinə nə dərəcədə təsir etdiyi yaxından izlənilir və bu məlumatların ABŞ Mərkəzi Bankının (FED) pul-kredit siyasətinə dair yeni siqnallar verəcəyi gözlənilir.

İnflyasiyadakı yuxarı yönümlü risklərin FED-in faiz endirimləri ilə bağlı gözləntiləri təxirə salması, iqtisadi aktivlik və yanacaq tələbatı üzərində təzyiq yarada biləcəyi ehtimalı ilə neft qiymətlərini aşağı çəkir.

Texniki olaraq Brent neftində 92,68 dolların müqavimət, 90,13 dolların isə dəstək zonası olaraq izlənə biləcəyi qeyd edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu