ÜST: Təhlükəsiz olmayan qidalar ildə 866 milyon xəstəliyə, 1,5 milyon ölümə səbəb olur
Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz olmayan qidaların hər il təxminən 866 milyon xəstəliyə və 1,5 milyon ölümə yol açdığının təxmin edildiyini bildirərək, uşaqların bu riskdən ən çox təsirlənən qrup olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, ÜST təhlükəsiz olmayan qidalarla bağlı daxilində bəzi proqnozların da yer aldığı yeni hesabat yayımlayıb.
Hesabatda qeyd olunub ki, təhlükəsiz olmayan qidaların səbəb olduğu bu xəstəlik və ölümlərin böyük hissəsi su, sanitariya və gigiyenanın yaxşılaşdırılması, pasterizasiya kimi qida təhlükəsizliyi təcrübələri və həssas əhali qrupları üçün səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi kimi tədbirlərlə önlənə bilər.
Təxminən 2000-ci ildən bu yana qidadan qaynaqlanan ümumi xəstəlik yükünün azaldığı qeyd edilən hesabatda buna baxmayaraq regional bərabərsizliklərin davam etdiyi və ən böyük yükün Afrika ilə Cənub-Şərqi Asiyanın payına düşdüyü vurğulanıb.
Ən böyük risk qrupunu azyaşlı uşaqların təşkil etdiyi bildirilən sənəddə 5 yaşınadək uşaqların təhlükəsiz olmayan qidalardan qaynaqlanan xəstəliklərə yaxalanma riskinin digər yaş qruplarına nisbətən təxminən 3 dəfə çox olduğu ifadə edilib.
Qlobal əhalinin cəmi 9 faizini təşkil etmələrinə baxmayaraq, azyaşlı uşaqların qida mənşəli xəstəliklərin demək olar ki, üçdə birindən, xüsusilə də bu həssas yaş qrupu üçün ölümcül ola bilən ishal xəstəliklərindən əziyyət çəkdiyi diqqətə çatdırılıb.
Qidalardakı metil civə və qurğuşun kimi kimyəvi təhlükələrə məruz qalmanın inkişaf etməkdə olan beyinə zərər verə biləcəyi ifadə edilən hesabatda bu vəziyyətin uşaqlarda ömür boyu sürən nevroloji və inkişaf problemlərinə yol aça biləcəyi vurğulanıb.
Sənəddə qida mənşəli bakteriya və virusların, eləcə də parazit infeksiyalarının daxil olduğu bioloji təhlükələrin qida qaynaqlı xəstəliklərə səbəb olduğu, lakin kimyəvi maddələrin təsirinin qeyri-mütənasib şəkildə ölümə gətirib çıxardığı qeyd edilib.
Kimyəvi təhlükələrin 2021-ci ildə çirklənmiş qidalardan qaynaqlanan ölümlərin 73 faizini təşkil etdiyi bildirilən hesabatda bu kimyəvi mənşəli ölümlərin çoxunun böyük ölçüdə ürək xəstəlikləri və xərçəng riskini artırması səbəbindən qeyri-üzvi arsen və qurğuşun ilə əlaqəli olduğu vurğulanıb.
Hesabatda fikirlərinə yer verilən ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus qida təhlükəsizliyinin mücərrəd bir mövzu olmadığını, hər bir yeməyə və ailəyə təsir etdiyini qeyd edib.
Qebreyesus təhlükəsiz olmayan qidaların hər zaman böyük bir xalq sağlığı problemi olduğunu, lakin indiyə qədər bunun insani və iqtisadi baxımdan törətdiyi nəhəng zərərin böyük mənzərəsini görə bilmədiklərini, bu yeni proqnozların isə vəziyyəti dəyişdiyini bildirib.
Ölkələrin ilk dəfə qida mənşəli xəstəlik yükünün ən yüksək olduğu sahələri ortaya qoya biləcək məlumatlara sahib olduğunu qeyd edən Qebreyesus bu məlumatların hökumətlərə insan sağlamlığının qorunmasına yönəlmiş prioritet tədbirləri müəyyənləşdirməyə kömək edəcəyini ifadə edib.



