Yaxın Şərq münaqişəsi ABŞ sakinlərinə 60 milyard dollara başa gəlib
ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatların iqtisadi fəsadları amerikalı ailələrin xərclərinin kəskin artmasına səbəb olub.
AFN.az "CNBC" telekanalına istinadən xəbər verir ki, "Moody’s Analytics" agentliyinin təhlilinə əsasən, fevralın 28-dən bəri davam edən münaqişə fonunda ABŞ-da hər bir orta statistik ailə yanacaq və nəqliyyat (o cümlədən aviauçuşlar) üçün əlavə olaraq təxminən 447 dollar xərcləyib. Ümumilikdə isə son 3 ayda Amerika istehlakçılarının ümumi əlavə xərcləri 60 milyard dollara yaxınlaşıb.
"Moody’s"in baş iqtisadçısı Mark Zandi xəbərdarlıq edib ki, müharibə yaxın vaxtlarda bitməsə, enerji daşıyıcılarının hazırkı qiymətləri fonunda illik əlavə xərclər hər bir ailə üçün 2000 dollara çata bilər. Ekspertlər qeyd edirlər ki, bu böhran artıq regional çərçivədən çıxaraq qlobal enerji bazarlarına və ABŞ-da yaşayış minimumuna birbaşa mənfi təsir göstərir.

