Ağ Ev: İranla razılaşmanın başa çatması günlərlə çəkə bilər



Ağ Ev ABŞ ilə İran arasında mümkün razılaşma üçün yaxşı bir məqamda olduqlarını, lakin bunun tam başa çatmasının günlərlə çəkə biləcəyini vurğulayıb.

AFN.az xəbər verir ki, ABŞ mediasında yer alan məlumatlara görə, Ağ Ev rəsmisi bəzi mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə ABŞ və İran arasındakı razılaşma prosesindəki son vəziyyəti qiymətləndirib.

Amerikalı rəsmi sözügedən sənədin bu gün imzalanmasını gözləmədiklərini və İrandakı təsdiqləmə prosesi səbəbindən prosesin tamamlanmasının bir neçə gün çəkə biləcəyini ifade edib.

Ehtiyatlı nikbinliklə danışan rəsmi hazırda çox yaxşı bir nöqtədə olduqlarını, lakin razılaşmanın pozulma ehtimalının hələ də qaldığını diqqətə çatdırıb.

Razılaşma mətni üzərində hələ də bəzi detalların müzakirə olunduğunu bildirən rəsmi həm ABŞ, həm də İran tərəfi üçün əhəmiyyət kəsb edən bəzi ifadələr üzərində danışıqların davam etdiyini qeyd edib.

O, İranın ali lideri Müctəba Xameneyinin razılaşmanın ümumi çərçivəsini təsdiqlədiyini, lakin bunun yekun sənəd mətninə çevrilib-çevrilməyəcəyini yaxın vaxtlarda görəcəklərini bildirərək prosesin gedişatından ümidli olduqlarını vurğulayıb.

Digər tərəfdən, "New York Times" qəzeti amerikalı rəsmiyə istinadən yaydığı xəbərdə ABŞ və İranın Hörmüz boğazının yenidən açılması məsələsində razılığa gəldikləri iddiasını oxucuları ilə bölüşüb.

Həmin xəbərdə İranın zənginləşdirilmiş uranını əlindən çıxarması barədə də ABŞ ilə razılıq əldə etdiyi, lakin müqavilənin hələ yekun olaraq tamamlanmadığı qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp isə sosial media hesabından açıqlama verərək hələ heç kimin yekun razılaşma mətnini görmədiyini və bu istiqamətdə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Tramp rəsmi müqaviləni heç kimin görmədiyini, nə olduğunu bilmədiyini və onun hələ tam müzakirə belə edilmədiyini vurğulayaraq, haqqında heç bir şey bilmədikləri bir mövzunu tənqid edən uğursuz şəxslərə qulaq asmamaq lazım olduğunu ifadə edib və bəzi media orqanlarında çıxan tənqidi fikirlərə reaksiya göstərib.

ABŞ Prezidenti mövzu ilə bağlı əvvəlki açıqlamasında İranla müzakirə prosesinin hələ də davam etdiyini qeyd edərək, danışıqların nizamlı və konstruktiv şəkildə irəlilədiyini, zaman onların xeyrinə olduğu üçün nümayəndələrinə razılaşma mövzusunda tələsməmələrini tapşırdığını bildirmişdi.

Tramp şənbə günü verdiyi bəyanatda isə yekunlaşdırılmaq üzrə İranla böyük ölçüdə bir razılaşma üzərində danışıqlar apardıqlarını və prosesin qısa müddətdə tamamlanacağına ümid etdiyini qeyd etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu