Putinin Çinə səfəri başlayıb
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran və Ukraynada müharibələrin davam etdiyi, qlobal güc münasibətlərində və geosiyasi tarazlıqlarda dəyişikliklərin baş verdiyi bir dövrdə ABŞ Prezidenti Donald Trampdan bir neçə gün sonra Çinə səfər edib.
AFN.az xəbər verir ki, iki günlük səfər üçün ötən gecə Pekinə çatan dövlət başçısı Putini hava limanında Çinin xarici işlər naziri Van İ qarşılayıb. Rusiya lideri üçün bu səhər Tyananmen meydanında dövlət mərasimi təşkil olunacaq.
Mərasimdən sonra Çin lideri Si Cinpin ilə həm təkbətək, həm də nümayəndə heyətləri ilə görüşlər keçirəcək Putin gün ərzində ölkəsinə qayıdacaq.
Rusiya liderinin Trampın səfərindən cəmi bir neçə gün sonra Çinə səfər etməsi diqqət çəkir. ABŞ Prezidenti 13-15 may tarixlərində Çinə rəsmi səfər etmişdi. Çinə 8,5 illik fasilədən sonra etdiyi səfərdə Trampı hava limanında Çin dövlət başçısının müavini Han Çın qarşılamışdı.
Tramp dövlət mərasimi və rəsmi görüşlərdən başqa Pekindəki tarixi Göy Məbədini ziyarət etmiş, şərəfinə verilən şam yeməyində iştirak etmiş və ölkədən ayrılmazdan əvvəl Si ilə çay süfrəsi arxasında bir araya gəlmişdi.
Trampın səfəri ilə müqayisədə Putinin proqramının daha sadə və birbaşa görüşlərə fokuslandığı müşahidə olunur. Çin ilə Rusiya arasında son illərdəki yaxınlaşma, liderlərin tez-tez baş tutan qarşılıqlı səfərləri və strateji əlaqələndirmə mexanizmlərinin müxtəlif səviyyələrdə işlək vəziyyətdə olması səbəbindən bu vəziyyət təəccüblü deyil.
Bu, Putinin hakimiyyəti dövründə Çinə etdiyi 25-ci səfər olub. Rusiya lideri sonuncu dəfə 2025-ci ilin sentyabrında Pekində olmuş, İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyi münasibətilə keçirilən hərbi paradda iştirak etmişdi.
Putin səfərdən əvvəl yaydığı video mesajda Rusiya-Çin strateji ittifaqının qlobal səhnədə mühüm və sabit bir rol oynadığını bildirərək, “Biz heç kimə qarşı ittifaq qurmuruq, əksinə, sülh və ümumi rifah üçün çalışırıq” deyib.
Pekini bir daha ziyarət etməkdən məmnun olduğunu dilə gətirən Putin müntəzəm qarşılıqlı səfərlərin və yüksək səviyyəli Rusiya-Çin görüşlərinin iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək üçün ortaq səylərin vacib bir parçası olduğunu vurğulayıb.
25 il əvvəl Rusiya və Çinin “Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsi” imzaladığını xatırladan Putin “Bu gün Rusiya-Çin münasibətləri həqiqətən də misilsiz bir səviyyəyə çatıb” qiymətləndirməsini edib.
İqtisadi əməkdaşlıq və strateji əlaqələr diqqət mərkəzindədir. Səfər çərçivəsində iki ölkə arasında təxminən 40 əməkdaşlıq sənədinin imzalanması gözlənilir.
Son illərdə Çin ilə ABŞ arasında artan rəqabət və geosiyasi gərginliklər, Ukraynadakı müharibə səbəbilə ABŞ və müttəfiqləri qarşısında oxşar çağırışlarla üzləşən Rusiya ilə Çini yaxınlaşdırıb.
Pekin Ukraynadakı müharibəyə görə Qərbin sanksiyaları altında olan Moskva ilə xüsusilə enerji sahəsi başda olmaqla iqtisadi əlaqələrini inkişaf etdirib. İki ölkə arasındakı ticarət dövriyyəsi 2023 və 2024-cü illərdə 240 milyard dolları keçib, Rusiyanın ixrac etdiyi xam neft və təbii qazın təxminən yarısı Çin tərəfindən alınıb.
İrandakı müharibənin Hörmüz boğazından enerji axınına təsiri də Çinin neft və təbii qaz təchizatı baxımından Rusiyanı daha da önəmli hala gətirib.
Çin və Rusiya ikitərəfli əlaqələrini yeni dövrdə hərtərəfli strateji koordinasiya tərəfdaşlığı kimi xarakterizə edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri olan iki ölkə ABŞ və Qərb müttəfiqlərinin təsirinə qarşı qlobal problemlərdə əksər hallarda bir-birini dəstəkləyən siyasət yürüdür.
İki ölkə yaradılmasında təşəbbüskar olduqları Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRICS kimi çoxtərəfli platformalarda da əməkdaşlığı davam etdirir.
Putinin səfəri ABŞ ilə Çinin Trampın səfərində razılığa gəldiyi konstruktiv strateji sabitlik əlaqəsi formulunun Çin ilə Rusiyanın hərtərəfli strateji koordinasiya tərəfdaşlığı baxımından nə mənaya gəldiyinin ipuclarını verəcək.
Rusiya Prezidenti Putin ilə Çin Prezidenti Si Cinpinin Pekindəki görüşündə iki lider strateji əməkdaşlıq və qlobal nizam haqqında mesajlar veriblər.
Vladimir Putin Rusiya-Çin münasibətlərinin misilsiz səviyyəyə çatdığını ifadə edərək, “Rusiya və Çin münasibətləri qlobal sabitliyə töhfə verir” deyib.
Si Cinpin isə Çin ilə Rusiyanın qarşılıqlı etimadı və strateji əməkdaşlığı dərinləşdirdiyini söyləyib. Si əlavə edib ki, dünya meşə qanunlarına geri qayıtmaq təhlükəsi ilə üz-üzədir.
Liderlər görüşdə Yaxın Şərqdəki müharibə, enerji təchizatı və beynəlxalq ticarət nizamını da müzakirə ediblər.


