Pezeşkian: Heç bir gücə baş əyməyəcəyik



İran Prezidenti Məsud Pezeşkian heç bir gücə baş əyməyəcəklərini, öz rahatlıqları və dünyəvi maraqları üçün ölkənin şərəfini fəda etməyəcəklərini bildirib.

AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Pezeşkian paytaxt Tehranda hökumət üzvlərinin də iştirak etdiyi iclasda son hadisələr və ölkədəki mövcud vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Düşmənlərinin İrana raketlər, bombalar və təyyarələrlə baş əydirə bilməyəcəyini ifadə edən Pezeşkian, lakin düşmənin bunlara ehtiyac duymadan, iğtişaşlar törətməklə və birliyi pozmaqla cəmiyyəti parçalaya biləcəyini qeyd edib.

Pezeşkian heç bir şəkildə heç bir gücə boyun əyməyəcəyini, ölkənin qürurunu və şərəfini şəxsi rahatlıqlarına qurban verməyəcəklərini, lakin bununla belə ölkəni ağıllı şəkildə idarə etməli olduqlarını vurğulayıb.

Danışıqlara qarşı çıxan bəzi fikirlərə də toxunan Pezeşkian danışıqlar aparmayacağıq şüarının heç bir məna kəsb etmədiyini, onların öz ləyaqətləri ilə müzakirələr yürütdüklərini diqqətə çatdırıb.

O, İranın hüququ, məntiqi və sübutları olduğunu, ölkənin haqlarını güclü şəkildə müdafiə edə bildiklərini və xalqın dəstəyi ilə onların hüquqlarını qoruyacaqlarını bəyan edib.

Pezeşkian məntiqli danışmağın və məntiqli cavab verməyin şüarlarla deyil, yalnız sahədə mümkün olduğunu ifadə edərək, bütün varlıqları ilə xalqa və ölkəyə xidmət etdiklərini, canları bahasına xarici qüvvələrə qarşı şərəflə dayanacaqlarını, danışıqlar aparacaqlarını və əziz xalqın hüquq və qanunlarını müdafiə edəcəklərini sözlərinə əlavə edib.

Daha əvvəlki çıxışlarında da ölkədəki enerji böhranını adlamaq üçün qənaət çağırışları edən Pezeşkian bu mövzunu yenidən gündəmə gətirib.

Avropadan 3 dəfə daha çox elektrik enerjisi və təbii qaz istehlak etdiklərini, bu sahədə problemlərin olduğunu və bu tendensiyanın davam etməsinin yay və qış aylarında çətinliklərə yol açacağını bildirib.

Qaydalara əməl olunacağı təqdirdə elektrik və təbii qaz kəsintilərinin qarşısının alına biləcəyini xatırladan Pezeşkian bu nəticələrin hər kəsə təsir etdiyini, benzinin gündəlik istehsal gücünün azaldığını və 100 milyon litr istehsal edildiyi halda, tələbatın 150 milyon litr olduğunu diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu