Borrell: Beynəlxalq siyasətdə kifayət qədər effektiv deyilik
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Jozep Borrell Aİ-nin beynəlxalq siyasətdə kifayət qədər effektiv olmadığını, Birliyin mövcud strukturunun artıq dünyadakı sürətli dəyişikliklərə cavab verə bilmədiyini söyləyib.
AFN.az xəbər verir ki, Belçikanın "La Premiere" radiosuna danışan Borrell Aİ daxilində daha yüksək səviyyəli siyasi, iqtisadi və hərbi inteqrasiyanı müdafiə edən ölkələrin öz nüvə strukturlarını yaratmalı olduqlarını dilə gətirib.
İttifaq daxilində yeni bir ittifaqın qurulmalı olduğunu qeyd edən Borrell 27 üzvü olan Aİ-nin yekdillik mexanizmi səbəbindən effektiv qərarlar qəbul etməkdə çətinlik çəkdiyinə diqqət çəkib.
Yekdilliklə hərəkət etməyə çalışmağın Birliyi geridə qoyduğunu bildirən Borrell həqiqətən irəliləmək istəyən bir neçə ölkənin daha sürətlə hərəkət edə biləcəyi bir strukturun yaradılmasının vacibliyini vurğulayıb.
O, mövcud Aİ-nin bugünkü dünya üçün layihələndirilmədiyini qeyd edərək, qərar qəbul etmə qaydalarının tarixin sürətlənməsi ilə uyğunlaşmadığını, çox sürətlə inkişaf edən və olduqca mühüm hadisələrdə hələ də yekdilliklə qərar qəbul etməyə çalışdıqlarını və demək olar ki, heç vaxt razılığa gələ bilmədiklərini deyib.
Beynəlxalq siyasətdə kifayət qədər effektiv olmadıqlarını etiraf edən Borrell Yaxın Şərqdəki hadisələrlə bağlı ABŞ və İsrailin İrana qarşı hücumlarının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Beynəlxalq hüququn ya nəzərə alınmalı, ya da tamamilə əhəmiyyətsiz sayılmalı olduğunu bildirən Borrell bu müharibənin hər hansı yaxın təhlükəyə cavab olaraq başlamadığını və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənmədiyini ifadə edib.
İspaniyanın məhz bu səbəbdən ABŞ-nin onun ərazisindəki hərbi bazalarından sözügedən əməliyyatlar üçün istifadə etməsinə icazə verməmək barədə qəti mövqe nümayiş etdirdiyini söyləyən Borrell İspaniyanın bu müharibələrin davam etməsinə şərait yaradacaq şəkildə Amerika bazalarının istifadəsinə icazə verməyəcəyini açıq şəkildə bəyan etdiyini sözlərinə əlavə edib.





