Ətraf ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq - VİDEO


“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun ATV kanalına müsahibəsində səsləndirdiyi fikirlər geniş rezonans doğurub.

V.Aslanov paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin hələlik məqsədəuyğun olmadığını deyib. O, bu fikrini maraqlı arqumentlə əsaslandırıb. Bildirib ki, şəhərin mərkəzində metro şəbəkəsinin şaxələndirilməsindən sonra bu istiqamətdə addımlar atıla bilər:

“Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs evinin yaxınlığında istəyir. Digər nəqliyyat növləri ilə müqayisə etsək, metro tikintisi ən çox investisiya tələb edən infrastruktur obyektidir. Yeni stansiyaların yerləri müəyyənləşdirilərkən çox ciddi təhlillər aparılır. Bakı şəhərinin rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri – hamısı həmin proqram təminatında əks olunub".

Sədr qeyd edib ki, perspektiv inkişaf istiqamətləri də orada öz əksini tapıb: "Çox yerə ehtiyac var ki, biz metro şəbəkəsini genişləndirək, inkişaf etdirək. Amma bunu mərhələli şəkildə etməliyik. Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər.

Məsələn Xırdalan, Masazır istiqamətləri barəsində də çox suallar verilir. Amma onlara qoşa biləcəyimiz metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt çox qısa olduğu üçün həmin yükü götürə bilmir və bizim daşıdığımız ümumi sərnişin kütləsinin 3 faizini əhatə edir. Biz Bənövşəyi xətti uzadıb şəhərin mərkəzinə tam inteqrasiya etdikdən sonra və onun üzərində 3 keçid stansiyasını Bakının şimal hissəsindən (Sumqayıt, Xırdalan, Masazır və digər qəsəbələr) gələn insanlar çox asanlıqla “Xocasən” və “Avtovağzal” stansiyalarından daxil olmaqla metrodan istifadə edəcəklər və həmin keçid stansiyalarından Yaşıl xəttə rahat keçib yollarına davam edəcəklər”.

Qeyd edək ki, V.Aslanovun bu fikirləri sosial şəbəkələrdə böyük etirazla qarşılanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu