Kuba: ABŞ bizə hücum etmək üçün bəhanə axtarır
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın ölkəsinə hərbi müdaxilə etmək üçün bəhanə axtardığını bildirib.
AFN.az xəbər verir ki, Dias-Kanel paytaxt Havanada "Komandir Fidel Kastronun 100 illik yubileyi" tədbirləri çərçivəsində keçirilən beynəlxalq həmrəylik görüşündə çıxış edərək Vaşinqtonun siyasətini kəskin tənqid edib.
O, ABŞ-ın Kubanı qeyri-adi təhdid kimi qələmə verməsinin Amerika xalqının deyil, hökumətin təcavüzkar planlarının bir hissəsi olduğunu vurğulayıb. Dias-Kanel qeyd edib ki, Kubaya qarşı hərbi hücumu haqlı çıxaracaq heç bir real səbəb yoxdur və ABŞ hökumətini "faşist" metodlarla dünyanı idarə etməyə çalışmaqda ittiham edib.
Çıxışında ABŞ-ın 3 yanvar tarixində Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni xatırladan Kuba lideri prezident Nikolas Maduronun qanunsuz şəkildə qaçırılmasını və regiona son 20 ilin ən böyük hərbi qüvvəsinin yerləşdirilməsini pisləyib. Eyni zamanda, İranın ABŞ-ın təzyiqlərinə qarşı qəhrəmancasına müqavimət göstərdiyini vurğulayan Dias-Kanel, Ağ Evin Kuba xalqının rifahı ilə bağlı bəyanatlarının səmimi olmadığını və əgər ABŞ doğrudan da narahatdırsa, illərdir davam edən blokadanı qaldırmalı olduğunu deyib.
Venesueladakı qarşıdurma zamanı kuba mənşəli hərbçilərin ABŞ xüsusi təyinatlılarına qarşı müqavimətini nümunə göstərən prezident, ölkəsinin müharibə istəmədiyini, lakin mümkün hücum qarşısında milyonlarla kubalının qətiyyətlə döyüşəcəyini və heç bir məğlubiyyətin yaşanmayacağını bəyan edib.
