İran böhranı yaşıl reaktiv yanacağını yenidən gündəmə gətirib



İrana edilən hücumlar və Hörmüz boğazının bağlı qalması Avropa aviasiya sektorunu öz marşrutundan çıxarıb.

AFN.az xəbər verir ki, reaktiv yanacağı qiymətlərinin müharibədən əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə artması və mümkün yanacaq qıtlığı aviaşirkətlərin mənfəətinə təhlükə yaratsa da, "Davamlı Aviasiya Yanacağına" (SAF) olan marağı gözlənilmədən artırıb. Aviasiya sektorunda karbon qazını azaltmaq batareyaların ağırlığı və hidrogenin saxlanma çətinliyi səbəbindən kifayət qədər mürəkkəbdir. İşlənmiş yemək yağları kimi biokütlələrdən istehsal olunan SAF isə mövcud mühərrik texnologiyası ilə uyğun gəlməsi və emissiyaları 80 faizə qədər azaltması ilə ən güclü alternativ hesab olunur. Lakin bu yanacağın qarşısındakı ən böyük maneə hər zaman qiymətinin baha olması idi.

Əvvəllər SAF-ın qiyməti fosil əsaslı reaktiv yanacağından təxminən üç dəfə baha idi. Hazırda ənənəvi reaktiv yanacağının bir tonunun qiyməti 800 dollardan 1500 dolların üzərinə çıxıb. SAF-ın qiymətinin 2700 dollar civarında dəyişməsi isə aradakı fərqin iki dəfədən də aşağı düşməsinə səbəb olub. Avropada reaktiv yanacağı ehtiyacının 30 faizinin Körfəz bölgəsindən qarşılanması Hörmüz boğazındakı tıxanmanı strateji bir problemə çevirib. Bununla belə, SAF istehsalı da yeni bir asılılıq riski daşıyır. Belə ki, Avropa İttifaqının SAF istehsalı üçün istifadə etdiyi xammalın 69 faizi kənardan gəlir və Çin bu payın 38 faizini təşkil edir.

Mütəxəssislərin fikrincə, həll yolu yaşıl hidrogen və tutulan karbonun birləşdirilməsi ilə istehsal olunan "e-SAF" ola bilər. Bu yanacaq növü Avropanın Norveç, İslandiya, İspaniya və Portuqaliya kimi bərpa olunan enerji resursları ilə zəngin ölkələrində istehsal edilə bilər. Lakin e-SAFın maliyəti ənənəvi yanacaqdan 12 dəfəyə qədər baha başa gəlir ki, bu da aviaşirkətlərin uzunmüddətli satınalma müqavilələri imzalamasını çətinləşdirir. Analitiklər İran böhranının nəticəsi olaraq investisiyaların biodizel yanacaqlarının maya dəyərini azaltmağa yönəlmiş şirkətlərə və startaplara axacağını proqnozlaşdırırlar. Hörmüz boğazı bağlı qaldığı müddətcə, bir vaxtlar yalnız xəyal kimi görünən yaşıl yanacaqlar artıq real həll yolu kimi qiymətləndirilməyə davam edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu