İlham Əliyev və Çexiyanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
AFN xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Sizi səmimiyyətlə salamlayıram.
Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq.
Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür.
Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Sonra Çexiyanın Baş naziri bəyanatla çıxış etdi.
Baş nazir Andrey Babişin bəyanatı
- Cənab Prezident.
Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.
Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir.
Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.
Biz hazırıq, sürətli və çevik olacağıq.
Ayırdığınız vaxta, ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm. Bütün bunları, həqiqətən yüksək dəyərləndirirəm.




