Pablo Eskobarın begemotlarının bir hissəsi öldürüləcək



Kolumbiya hökuməti narkobaron Pablo Eskobar tərəfindən ölkəyə gətirilən və zaman keçdikcə ətraf mühitə yayılaraq ekosistemi təhdid edən begemotların bir hissəsinin məhv edilməsini nəzərdə tutan planı təsdiqləyib.

AFN.az xəbər verir ki, bu qərar kənd sakinlərin təhlükəsizliyini təmin etmək və yerli növləri qorumaq məqsədilə qəbul edilib.

Ətraf Mühit naziri İren Velez verdiyi açıqlamada bildirib ki, qısırlaşdırma və ya zoo parklara köçürmə kimi əvvəlki üsullar həm çox baha başa gəlir, həm də səmərəsiz qalır. Təxminən 80 begemotu əhatə edəcək məhv etmə əməliyyatının nə vaxt başlayacağı hələlik açıqlanmasa da, Velez ekosistemi qorumaq üçün bu addımın atılmasının məcburi olduğunu vurğulayıb.

Afrikadan kənarda vəhşi begemot populyasiyasına sahib tək ölkə olan Kolumbiyada bu heyvanların tarixi 1980-ci illərə dayanır. Eskobarın şəxsi zooparkı üçün gətirdiyi dörd begemotun nəslindən gələnlərin sayı 2022-ci il məlumatlarına görə artıq 170-ə çatıb. "Hacienda Napoles" fermasından qaçan heyvanların ilkin məskunlaşma yerindən 100 kilometr uzağa qədər yayıldığı müəyyən edilib.

Bölgə xalqı üçün mühüm turizm mənbəyinə çevrilən bu heyvanlar, eyni zamanda ciddi təhlükə yaradır. Ətraf mühit rəsmiləri bu məməlilərin çaylarda və fermalarda kəndlilərlə qarşı-qarşıya gəldiyini, həmçinin lamantinlər kimi yerli növlərin qida və yaşayış sahələrini qəsb etdiyini bildirirlər. Digər tərəfdən, heyvan hüquqları müdafiəçiləri bu qərara sərt reaksiya göstərirlər.

Senator Andrea Padilla hökumətin qərarını "qəddar" adlandıraraq, sağlam canlıların rəsmi qurumların səhlənkarlığının qurbanı edildiyini müdafiə edib. Aktivistlər onilliklərdir daxili münaqişələrlə mübarizə aparan bir ölkə üçün zorakı üsulların pis nümunə olduğunu irəli sürürlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu