Ağ Ev: Tramp İran məsələsində diplomatiyanı ilk seçim olaraq görür
Ağ Evin sözçüsü Karolin Livit bildirib ki, Prezident Donald Tramp İran məsələsində diplomatiyanı ilk seçim hesab edir, lakin diplomatiyadan kənar da bir çox variantı mövcuddur.
Ağ Evin sözçüsü Livit keçirdiyi mətbuat brifinqində İran gündəmi ilə bağlı qiymətləndirmələr edib. Amerikalı sözçü, İranla danışıqların əvvəlcə Türkiyədə keçiriləcəyi elan edildiyi halda, sonradan Omanın seçilməsi prosesi ilə bağlı suala cavab verərkən, ABŞ-ın rəsmi mövqeyini bir daha təkrarlamaqla kifayətlənib.
Livit qeyd edib ki, Prezident Tramp dünyanın hər yerindəki ölkələrlə münasibətlərdə hər zaman diplomatiyanı ilk seçim olaraq görür. O bildirib ki, Xüsusi Nümayəndə Stiv Vitkoff və Cared Kuşner sabah görüşlər üçün Omana gedəcəklər: "Prezident onlardan gələcək xəbəri gözləyəcək".
Trampın gözləntisi: İranın nüvə potensialının sıfırlanması
Trampın İranla danışıqlardan nə gözlədiyinə dair sualı cavablandıran Livit "Prezidentin İran rejiminə qarşı tələbləri olduqca konkretdir və o, nüvə potensialının sıfırlanması məsələsində qətiyyətli mövqe nümayiş etdirib" deyib.
Ağ Evin sözçüsü "Bu danışıqlar davam edərkən, İran rejiminə xatırlatmaq istərdim ki, Prezidentin diplomatiyadan kənar da bir çox seçimi var" deyə əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp İranla bağlı son açıqlamasında "Onlara hücum etməyimizi istəmirlər. Bilirsiniz, İrana doğru hərəkət edən böyük bir donanmamız var" deyib. Məlumata görə, ABŞ və İran nümayəndə heyətləri nüvə danışıqları üçün 6 fevral cümə günü Omanın paytaxtı Maskatda bir araya gələcəklər.
