Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi


Azərbaycan və İsrail arasında süni intellekt (AI) sahəsində imzalanan əməkdaşlıq sazişi iki ölkə arasındakı strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi tarixə düşüb.

AFN.az “Israel National News” agentliyinə istinadən xəbər verir ki, sənədin imzalanma mərasimində çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu ikitərəfli münasibətlərin dərinliyinə toxunub.

Baş nazir çıxışında ölkələr arasındakı çoxillik möhkəm dostluq bağlarını xüsusi vurğulayıb: “Bizim aramızda uzun illərə söykənən mükəmməl bir tərəfdaşlıq mövcuddur. Azərbaycana illər öncə etdiyim ilk səfərimi hələ də xoş hisslərlə xatırlayıram. İkinci səfərim zamanı isə ölkədə şahidi olduğum nəhəng inkişaf və müsbət dəyişikliklər məni heyran etdi. İllər keçdikcə dostluğumuzun daha da çiçəklənməsinin şahidi oluruq”.

Netanyahu qeyd edib ki, general Eskel etibarlı müttəfiq olan Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq üçün bütün imkanlarını səfərbər edəcək. O, gələcək planların böyük olduğunu və bu sazişin yaxın münasibətləri daha da möhkəmləndirəcəyini bildirib.

Çıxışının sonunda İsrail hökumətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevi Yerusəlimə rəsmi səfərə dəvət edib: “Prezident İlham Əliyevə mənim ən səmimi salamlarımı çatdırın. Ona çatdırın ki, biz hər zaman 'gələn il Yerusəlimdə' deyirik, lakin indi deyirəm ki, bu görüş 'elə bu il Yerusəlimdə' baş tutsun. O, burada çox səmimi və yüksək qonaqpərvərliklə qarşılanacaq”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu