Odun icadı zənn ediləndən çox daha qədim imiş
İngiltərədə 400 min ildən daha qədim bir ərazidə tapılan od daşı parçaları və yanmış qalıqlar insanların alətlərdən istifadə edərək bilərəkdən od yandırma bacarığına sahib olduğunu göstərən ən qədim birbaşa sübut olub.
Odun kəşfi və nəzarət altına alınması insanlığın təkamül yolundakı ən mühüm dönüm nöqtələrindən biri hesab olunur. Lakin bu kritik bacarığın nə zaman ortaya çıxdığına dair məlum olanlar İngiltərədə aparılan yeni qazıntılarla tamamilə dəyişib.
Yeni tapıntılar insanların 400 min ildən daha əvvəl alətlərdən istifadə edərək bilərəkdən od yandıra bildiyini sübut edir.
Od daşı tapıntısı tarixi dəyişdi
Britaniya Muzeyinin arxeoloqu Rob Devis və həmkarları İngiltərənin Barnham kəndindəki bir gil yatağında Paleolit dövrünə aid mühüm qalıqlar aşkar ediblər. İndiyədək bilinən ən qədim bilərək od yandırma sübutu 50 min il əvvələ gedib çıxsa da, bu kəşf həmin tarixi təxminən 350 min il geri çəkir.
Kəşfin əsas dayaqlarından biri qızmış istilikdən çatlamış dörd çaxmaqdaşı əl baltası ilə yanmış (qızarmış) torpaqdan ibarət bir ocağın (düşərgə atəşi yerinin) yaxınlığında tapılan iki kiçik oksidləşmiş pirit parçası olub.
Tədqiqatçılar müəyyən ediblər ki, pirit (xalq arasında “od daşı” kimi tanınan və qığılcım çıxaran mineral) bu bölgədə təbii olaraq çox nadir hallarda rast gəlinir. Bu isə pirit parçalarının təsadüfən deyil, məqsədli şəkildə və xüsusi olaraq od yandırmaq üçün əraziyə gətirildiyini göstərir. Həmçinin yanmış torpaqda aparılan testlər həmin yerin bir dəfə deyil, dəfələrlə qızdırılıb istifadə edildiyini, yəni bir düşərgə ocağı olduğunu təsdiqləyib.
Odu tapmaq insanlara nə verdi?
Mütəxəssislər bu ocağı yandıranların böyük ehtimalla neandertallar olduğunu düşünür. Bu tapıntı neandertalların abstrakt düşüncə tələb edən mürəkkəb texnoloji davranışlara sahib olduğunu göstərən mühüm sübutdur.
Odun il boyu nəzarətdə saxlanılması erkən insanların həm sosial, həm də bioloji baxımdan böyük üstünlüklər qazanmasına səbəb olub. Qidanı bişirərək həzmi asanlaşdırıb, qida və protein qəbulunu artırıb. Eyni zamanda odun ətrafında toplaşmaq imkanı yaradaraq daha böyük icmalarla yaşamağı və sosial əlaqələrin güclənməsini təmin edib.
Tədqiqatçılar bu qidalanma və sosial irəliləyişlərin insanların beyin ölçüsünün böyüməsinə, idrak qabiliyyətinin artmasına və daha mürəkkəb münasibətlərin formalaşmasına birbaşa təsir etmiş ola biləcəyi qənaətinə gəliblər.



