Alimlər xəbərdarlıq etdi: Dünya ilk böyük iqlim həddini keçdi
Dünya artıq istixana qazı emissiyalarına bağlı ilk böyük iqlim həddini aşaraq, isti su mərcan resiflərini uzunmüddətli çöküşə sürükləyib.
Exeter Universitetinin rəhbərliyi ilə hazırlanmış və The Guardian-da yayımlanan araşdırmaya görə, Bezos Earth Fund tərəfindən dəstəklənən “Qlobal Hədd Nöqtələri” hesabatı isti su mərcan resiflərinin ciddi çöküş prosesinə daxil olduğunu və bunun yüz milyonlarla insanın gəlir mənbəyinə təhlükə yaratdığını göstərir.
23 ölkədən 87 təşkilat və 160 alim iştirak etdiyi tədqiqatda sənaye dövründən əvvəlki dövrlə müqayisədə qlobal istiliyin 1,5°C-ə yaxınlaşması nəticəsində resiflərin “yayılmış çöküş” mərhələsinə daxil olduğu vurğulanıb. Hesabata görə, bütün dəniz canlılarının təxminən dörddə birinə ev sahibliyi edən isti su resifləri 1–1,5°C istilik artımı ilə kritik həddi keçib. Mərkəzi hədd 1,2°C olaraq müəyyən edilib. Hazırda qlobal orta temperatur təxminən 1,4°C-dir.
Araşdırmada qeyd olunur ki, qlobal orta səth temperaturu ən qısa zamanda 1,2°C-yə, sonda isə ən azı 1°C-yə endirilməsə, isti su mərcan resiflərini effektiv şəkildə qorumaq mümkün olmayacaq.
Hesabat 2023-cü ilin yanvarında başlayan və tarixdəki ən şiddətli dördüncü qlobal mərcan ağarma dalğasının ortasında yayımlanıb. Yüksək okean temperaturu 80-dən çox ölkədə resiflərin 80%-dən çoxuna təsir göstərib. Alimlər bunu “kəşf edilməmiş zonaya giriş” adlandırır.
Exeter Universiteti Qlobal Sistemlər İnstitutunun direktoru professor Tim Lenton bildirib ki, artıq hədd nöqtələrini gələcək risk olaraq müzakirə edə bilmirlər. Lenton qeyd edib ki, isti su mərcan resiflərinin yayılmış çöküş prosesi artıq başlayıb və bu, resif ekosistemlərinə bağlı milyonlarla insanın qida, sahil qorunması və gəlir mənbəyinə təsir edir.
Hesabatda xüsusilə Karib dənizi resiflərinin istilik dalğaları, bioloji müxtəlifliyin azalması və mərcan xəstəlikləri səbəbindən çöküşə doğru sürükləndiyi qeyd olunub.
Bəzi alimlər hesabatın nəticələrinə ehtiyatla yanaşır. Queensland Universitetindən mərcan resifləri üzrə ekspert professor Peter Mambi resiflərin ciddi gerilədiyini qəbul etsə də, bəzi mərcan növlərinin 2°C-ə qədər istiliyə uyğunlaşa biləcəyinə dair yeni sübutlar olduğunu bildirib. Mambi tam mərcan çöküşü ehtimalına qarşı xəbərdarlıq edib.
WWF-UK-nin baş elmi müşaviri Dr. Mayk Barrett isə “Mərcan resiflərinin qorunması indi hər zamankindən daha vacibdir. Oyun dəyişib və cavab sürəti də fövqəladə olmalıdır” deyib. O, təbii olaraq daha dözümlü olan “mərcangil sığınacaqları”-nın gələcək bərpa üçün “yenidən doğuş toxumları” ola biləcəyini vurğulayıb.
Beynəlxalq Mərcan Resifləri Cəmiyyətinin vitse-prezidenti Dr. Treycii Eynsvors resif ekosistemlərinin çevrilmə və yenidən qurulma prosesində olduğunu, bir çox resifin artıq mərcan hakimiyyətini və növ müxtəlifliyini itirdiyini bildirib.
Avstraliya Dəniz Elmləri İnstitutu qeyd edib ki, qlobal qiymətləndirmələr regional fərqləri gizlədə bilər və qlobal istilik hələ sabitləşməyib, hələ də hərəkət üçün dar bir pəncərə açıqdır.
Hesabata görə, Qərbi Antarktika və Qrenlandiya buz örtüklərinin bəzi hissələri sürətlənmiş ərimə səbəbindən çöküş təhlükəsinə yaxındır və bu, dəniz səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir.
Professor Lenton bildirib ki, planet artıq risklərin sürətlə artdığı təhlükəli zonaya daxil olub və cari proqnozlara görə 2030-cu il civarında 1,5°C həddi aşılacaq.
Araşdırmada Amazon tropik meşələrinin qırılması və artan istilik səbəbindən geri dönüşsüz çöküşə daha yaxın olduğu qeyd olunub.
Buna baxmayaraq, hesabat cəmiyyət üçün müsbət hədd nöqtələrinin də mövcud olduğunu göstərir. Məsələn, elektrikli avtomobillərin yayılması kimi tədbirlər istixana qazı emissiyalarını azaltmaqda sürətləndirici rol oynaya bilər.



