Panama kanalı ilə neft daşınması rekord həddə çatdı
Hörmüz boğazının blokadaya alınması nəticəsində qlobal nəqliyyat axınlarının istiqaməti dəyişib.
AFN.az Yaponiyanın "Nikkei" iqtisadi qəzetinə istinadən xəbər verir ki, Panama kanalı vasitəsilə neft daşınmasında kəskin artım qeydə alınıb. Belə ki, 2026-cı ilin aprelində bu su yolu ilə neft və neft məhsullarının daşınması 2025-ci ilin orta səviyyəsi ilə müqayisədə 74% artıb. Bu daşınmaların əsas hissəsi ABŞ-ın şərq sahillərindən Fars körfəzi tədarükündən məhrum qalan Asiya ölkələrinə yönəlib.
Aprel ayında Panama kanalı ilə gündəlik orta hesabla 1,77 milyon barel neft və neft məhsulları daşınıb ki, bu da 2013-cü ildən bəri aparılan statistikanın mütləq rekordudur. Xüsusilə, Yaponiya üçün bu marşrutla tədarük edilən neftın həcmi ötən illə müqayisədə 5 dəfədən çox artıb.
Hazırda kanalın keçid imkanları praktiki olaraq tükənib və ərazidə böyük gəmi növbələri yaranıb. Növbədənkənar keçid hüququ hərraclar vasitəsilə satılır və bəzən bu ödənişin məbləği 1 milyon dollara çatır.
Qeyd edək ki, Panama kanalı yalnız kiçik və orta ölçülü tankerləri qəbul edə bilir. ABŞ-dan Asiyaya hərəkət edən nəhəng supertankerlər isə Afrika qitəsinin cənubundan, Ümid burnu marşrutundan istifadə etməyə məcburdurlar.


