Hindistan qızıl ehtiyatlarını sürətlə ölkəyə qaytarır



Hindistan Ehtiyat Bankı xarici ölkələrdə saxlanılan qızıl ehtiyatlarının repatriasiyası (geri qaytarılması) prosesini sürətləndirib.

AFN.az "The Times of India" qəzetinə istinadən xəbər verir ki, GTRI analitik mərkəzinin məlumatına görə, 2023-cü ildə Hindistanın ümumi qızıl ehtiyatlarının 38%-i ölkə daxilində saxlanılırdısa, 2026-cı ilin mart ayına olan göstəricilərə görə, bu rəqəm artıq 77%-ə yüksəlib.

Hindistanlı iqtisadçılar bu addımı bir neçə amillə izah edirlər. Əsas səbəblər arasında 2022-ci ildə Rusiya aktivlərinin dondurulması hadisəsindən sonra yaranan "aktivlərin bloklanması" riski və Yaxın Şərqdəki münaqişələrin yaratdığı qlobal qeyri-sabitlik fonunda iqtisadi təhlükəsizliyin gücləndirilməsi dayanır.

Ümumdünya Qızıl Şurasının (WGC) aprelin 29-da yaydığı hesabata görə, cari ilin yanvar-mart aylarında Hindistanda qızıl istehlakı 10,2% artaraq 151 metrik tona çatıb. Yerli şirkətlərin qızıl investisiyalarında isə illik müqayisədə 52%-lik (82 ton) kəskin artım qeydə alınıb.

Ekspertlər proqnozlaşdırırlar ki, Bombey Fond Birjasında səhmlərin kəskin dalğalanması fonunda investorların qızıla olan marağı yaxın vaxtlarda artmaqda davam edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu