İspaniyada uşaqları siqaret çəkən valideynlər 100 avroya qədər cərimələnəcək
İspaniya hökuməti siqaret istifadəsini məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər pul cəzası tətbiq etməyi planlaşdırır.
Nazirlər Kabinetində qəbul edilən və parlamentdə baxılması üçün göndərilən qanun layihəsi terraslarda siqaret çəkməyi və yetkinlik yaşına çatmayanların siqaret istifadəsini qadağan edir, eyni zamanda elektron siqaret istifadəsini də məhdudlaşdırır.
Layihədə İspaniyada ilk dəfə olaraq yetkinlik yaşına çatmayanların siqaret istifadəsi qadağan edilir və uşaqlarının siqaret çəkərək sağlamlıqlarına ziyan vurmasına imkan verən valideynlərə 100 avroya qədər pul cəzası nəzərdə tutulur.
Hal-hazırda İspaniyada, Avropa Birliyi ölkələrində olduğu kimi, 18 yaşdan kiçik şəxslərə siqaret satışı qadağan edilsə də, uşaqların siqaret istifadəsini əngəlləməyə yönəlmiş hər hansı bir qanuni tənzimləmə mövcud deyil.
Səhiyyə naziri Monika Qarsiya qanun layihəsi ilə bağlı açıqlamasında İspaniyanı tütünlə mübarizədə yenidən ön sıralara çıxaracaq bir qanun hazırladıqlarını deyib. Qarsiya 2005-ci ildə qapalı məkanlarda siqaret çəkilməsini qadağan etməklə öncülük etdiklərini, 2010-cu ildə isə bar və restoranlarda siqaret çəkməyin qadağan edildiyini bildirib. Nazir qeyd edib ki, zaman dəyişib və yeni qanuni dəyişikliklər zəruri olub: "Yeni məhsullar və yeni ictimai səhiyyə ehtiyacları meydana çıxdı. Tütün hər gün 140, ildə isə 50 min insanın həyatına son qoyur. Xərçənglərin 30%-i siqaretin risk faktorları ilə əlaqəlidir".
Qanun layihəsinə daxil edilməsə də, hazırda 20-dən çox ölkədə tətbiq olunan "düz paket" (bütün paketlərin eyni olması, marka loqotiplərinin olmaması və eyni yazı tipləri ilə basılması) tətbiqinə dair uzun müddət müzakirələrin aparıldığı bildirilib.
Statistikaya görə, İspaniyada keçən il siqaret satışları qapalı məkanlarda siqaret çəkməyi qadağan edən ilk qanunun qəbul olunduğu 2005-ci illə müqayisədə 53,8% azalıb və 2 milyard 143 milyon paketə düşüb.
Hazırda İspaniyada 20 ədədlik siqaret paketlərinin qiyməti 5–8 avro arasındadır.


