İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib


İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.



Belə ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.

BBC-yə danışan bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər.

Hakim partiya parlamentdə səsvermə zamanı deputatların istədikləri səsi verməkdə azad olacağını vurğulayıb.

Bununla belə, qanunun ana müxalifətdəki İşçi Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi.

Qeyd edək ki, qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.

Qanun çöl yoxlamalarını həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlarda dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir.

Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.

Qanun həmçinin elektron siqaretləri daha az cəlbedici etmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu