Hikmət Hacıyev və Yaqub Eyyubovun adından yayılan açıqlamalar saxtadır - MEDİA

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb.
AFN.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
Bundan başqa, bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.
Qeyd edilir ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.
“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik” - məlumatda qeyd olunur.