İlham Əliyevdən beynəlxalq konfrans iştirakçılarına müraciət

Prezident İlham Əliyevdən beynəlxalq konfrans iştirakçılarına müraciət
AFN.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə dövlət başçısı konfrans iştirakçılarını salamlayaraq bildirib:
“2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.
İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.
2005-ci ildə təsis olunmuş Məhkəmə-Hüquq Şurası ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə mühüm irəliləyişlər əldə edib. Bu, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.
Prezident qeyd edib ki, ictimai münasibətlərin inkişafı və rəqəmsallaşma məhkəmə idarəçiliyi sahəsində yeni yanaşmalar tələb edir. O, əmin olduğunu bildirib ki, konfransda aparılacaq müzakirələr qlobal çağırışlara cavabların formalaşmasına və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək.