ABŞ-da iki dəfə ölüm cəzasına məhkum edilən Stiven Stanko edam olunub

ABŞ-da ikiqat qətldə ittiham olunan Stiven Stanko edam olunub
ABŞ-ın Cənubi Karolina ştatında yaşayan və iki ayrı qətl hadisəsinə görə ölüm cəzasına məhkum edilmiş 57 yaşlı Stiven Stanko cümə günü iynə ilə edam olunub.
Bu, son doqquz ayda ştatda həyata keçirilən altıncı edamdır. AFN.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Bildirilir ki, Stiven Stanko yerli vaxtla saat 18:34-də ölü elan olunub. Onun edamına səbəb 2005-ci ildə Horry dairəsində dostunu güllələyərək qətlə yetirməsi və daha sonra onun bank hesabını soyması olub.
Stanko eyni zamanda həmin günün əvvəlində Georgetoun dairəsində yaşadığı qadını boğaraq öldürdüyünə görə də ölüm cəzasına məhkum edilmişdi. O, qadını boğarkən onun yeniyetmə qızını zorlayıb, daha sonra isə qızın boğazını kəsib. Yeniyetmə ağır yaralansa da, sağ qalıb.
Stankodan əvvəl edam olunan iki məhkum güllələnmə yolu ilə edam olunmağa üstünlük verib. Lakin son güllələnmiş məhbusun meyitinin müayinəsi zamanı məlum olub ki, üç könüllü tərəfindən açılan atəşlər ürəyə demək olar ki, dəyməyib. Bunun ardınca Stanko ölümcül iynə ilə edam olunmağa qərar verib.
Stiven Stankonun edamı bu həftə ABŞ üzrə planlaşdırılmış dörd edamdan biri olub.