ABŞ rəsmiləri: İsrail İranla hərbi əməliyyata başlamağa hazırdır

ABŞ rəsmiləri: İsrail İranla hərbi əməliyyata başlamağa hazırdır
AFN.az xəbər verir ki, bu barədə Amerika telekanalı CBS öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, ABŞ rəsmiləri İsrailin İran İslam Respublikasına qarşı əməliyyata tam hazır olduğu barədə məlumatlandırılıblar. Bu məlumatın ABŞ tərəfinə haradan daxil olduğu açıqlanmayıb. Telekanalın saytında dərc olunan materialda qeyd olunur: “ABŞ hesab edir ki, İran qonşu İraqdakı müəyyən ABŞ obyektlərinə cavab zərbəsi endirə bilər.” Bu ehtimal, ABŞ Dövlət Departamentinin İraqdakı səfirlik əməkdaşlarının bir hissəsinin ölkəni tərk etməsi barədə göstəriş verməsinin səbəblərindən biri kimi göstərilir.
Materialda həmçinin bildirilir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff Tehranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar raundunu keçirmək üçün İran nümayəndələri ilə görüşməyi hələ də planlaşdırır.
Qeyd edək ki, ABŞ rəhbərliyi regionda mümkün eskalasiya fonunda hərbçilərin təhlükəsizliyini təmin etmək məqsədilə onların bir hissəsinin müvəqqəti olaraq zonadan çıxarılması barədə göstəriş verib.
Müdafiə Nazirliyi risklərin artdığını əsas gətirərək Yaxın Şərqdə yerləşən ABŞ hərbi kontingentinin rotasiya və təxliyə planlarını aktivləşdirib.