Çin-ABŞ ticarət görüşlərində irəliləyiş əldə edilib


Çin ABŞ-la qarşılıqlı tarif artımları səbəbindən gərginləşən ticarət münaqişəsinin həlli üçün Böyük Britaniyanın paytaxtı Londonda aparılan danışıqlarda irəliləyiş əldə edildiyini açıqlayıb.

Xinhua xəbər agentliyinin məlumatına görə, Çinin beynəlxalq ticarət nümayəndəsi Li Çınqanq bildirib ki, tərəflər son iki gündə ağlabatan, peşəkar, səmimi və dərin əlaqələr quraraq problemlərin həlli istiqamətində irəliləyiş əldə ediblər.

Görüşdə tərəflərin iki ölkə liderinin 5 iyun tarixində etdiyi telefon danışığında və mayda İsveçrənin Cenevrə şəhərində aparılan danışıqlarda razılaşdırılan razılaşmanın tətbiqi üçün çərçivə məsələsində prinsipial razılığa gəldiklərini vurğulayan Li "Ümid edirik ki, Londondakı görüşdə əldə olunan irəliləyiş Çin və ABŞ arasında etimadın gücləndirilməsinə, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam və dayanıqlı inkişafına töhfə verəcək" deyib.

Li görüşlərdə hansı istiqamətdə irəliləyiş əldə edildiyi barədə ətraflı məlumat verməsə də, tərəflərin ölkə liderlərinin təsdiqindən sonra razılaşmanın məzmununu açıqlaması gözlənilir.

Qeyd edək ki, ABŞ və Çin qarşılıqlı tarif artımları ilə dərinləşən ticarət gərginliyinin həlli üçün başladığı danışıqların yeni raundu 9-10 iyun tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda keçirilib.

Danışıqlarda ABŞ tərəfini maliyyə naziri Skott Bessent, ticarət naziri Havard Lutnik və ticarət nümayəndəsi Ceymison Griyer, Çin tərəfini isə iqtisadi əlaqələrə cavabdeh baş nazirin müavini Xı Lifinq, ticarət naziri Vanq Vıntao və beynəlxalq ticarət nümayəndəsi Li Çınqanq təmsil edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu