İrandan BMT baş katibinə məktub: İsrailin nüvə obyektlərinə təhdidləri

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının baş katibinə məktub göndərərək, İsrailin təhdidləri qarşısında nüvə obyektləri və materiallarının qorunması üçün xüsusi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Abbas Əraqçi Antonio Quterreşə yazdığı məktubunda “sionist rejimin hər hansı avantürizm aktının” nəticələrinə qarşı xəbərdarlıq edərək, ABŞ hökumətinin İsrailin hərəkətlərinə görə hüquqi məsuliyyət daşıdığını vurğulayıb. Diplomat məktubunda yazıb ki, İran İslam Respublikası öz vətəndaşlarını, mənafelərini və obyektlərini “beynəlxalq hüquqa uyğun olaraq istənilən terror və ya təxribat hərəkətlərindən” qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
O əlavə edib ki, İran əvvəlki kimi “sionist rejimin hər hansı avantürizminə qarşı sərt xəbərdarlıq edir və bu rejimin istənilən təhdid və ya qanunsuz hərəkətlərinə qəti şəkildə cavab verəcək”.