Heyvanlar da uzunmüddətli dostluqlar qurur


Afrika sığırçınları üzərində aparılan 20 illik tədqiqat heyvanlar arasında insanlarabənzər qarşılıqlı yardımlaşma və uzunmüddətli münasibətlərin mövcud olduğunu ortaya çıxarıb.

ABŞ-dan olan elm adamları Afrika savanlarında yaşayan sığırçınlar üzərində apardıqları uzunmüddətli müşahidələr nəticəsində bu quşların yalnız qohumlarına deyil, qohum olmayan fərdlərə də zamanla yaxşılıq borcu prinsipinə əsaslanaraq yardım etdiyini sübut ediblər.

Kolumbiya Universitetinin professoru Dastin Rubenşteynin laboratoriyasında doktorant Alexis Erlin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aparılan araşdırmanın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub.

Prof. Rubenşteyn “Sığırçınlar yalnız ailə üzvlərindən ibarət sadə cəmiyyətlər deyil, insanlar kimi qohum və qohum olmayan fərdlərin birlikdə yaşadığı mürəkkəb sosial strukturlara sahibdir” deyib.

Tədqiqat çərçivəsində 2002–2021-ci illər arasında Şərqi Afrikada yüzlərlə quşun minlərlə qarşılıqlı əlaqəsi müşahidə edilib. 40 nəsil mövsümünə dair məlumatlar və genetik analizlər birləşdirilərək yardımlaşmaların hansı fərdlər arasında baş verdiyi araşdırılıb.

Müşahidələr göstərib ki, illər ərzində eyni fərdlər arasında təkrarlanan yardım münasibətləri formalaşır. Quşlar qohumlarını üstünlük verərək dəstəkləsələr də, bəzən qohum olmayan fərdlərə də davamlı şəkildə yardım göstəriblər. Alimlər bu münasibətləri uzunmüddətli dostluq əlaqələri kimi qiymətləndirir.

Tədqiqat rəhbəri Alexis Erl qeyd edib ki, bu cür davranışları yalnız uzun müddətli və genişmiqyaslı məlumatlarla aşkarlamaq mümkündür. O, bu tip yardımlaşma şəbəkələrinin digər heyvan növlərində də mövcud ola biləcəyini vurğulayıb.

Tədqiqat Rubenşteynin rəhbərlik etdiyi beynəlxalq layihələr çərçivəsində digər bölgələrdə də aparılan sosial davranış araşdırmalarına əsaslanır. Alimlər bundan əvvəl Karib dənizi ətrafında karideslər, Afrikada vəhşi arılar, Asiyada həşəratlar, Avstraliyada isə siçan və kərtənkələlər üzərində də bənzər tədqiqatlar həyata keçiriblər.

Prof. Rubenşteyn bildirib ki, bu cür qarşılıqlı yardımlaşma münasibətlərinin heyvanlar arasında fikirləşdiyimizdən daha geniş yayılmış olduğunu düşünürük. Amma belə əlaqələri aşkara çıxarmaq üçün kifayət qədər uzunmüddətli tədqiqatlar aparılmır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu