Meşə yanğınlarında qlobal böhran: Dünyada İtaliya böyüklüyündə meşə sahəsi itirildi

Qlobal istiləşmənin təsiri ilə artan meşə yanğınları 2024-cü ildə dünyada meşə itkisini rekord səviyyəyə çatdırıb. Tropik bölgələrdə yanğın ilk dəfə olaraq kənd təsərrüfatı və mədənçilikdən önə keçərək ən böyük dağıntı səbəbi olub.
ABŞ-ın Merilend Universiteti tərəfindən aparılan və "Global Forest Watch" tərəfindən yayımlanan analizə əsasən, ötən il dünyada İtaliya böyüklüyündə meşə sahəsi məhv edilib.
Braziliya Amazonundan Sibir tayqalarına qədər bir çox region yanğın, kənd təsərrüfatı, qeyri-qanuni ağac kəsimi və mədənçilikdən mənfi təsirlənib.
Merilend Universitetinin Meşə Müşahidə Laboratoriyasının rəhbəri Prof. Matt Hansen əldə edilən məlumatları qorxuducu adlandırıb. "Global Forest Watch"un rəhbərlərindən Elizabet Goldman isə son 20 ildə bu qədər pis vəziyyətin müşahidə olunmadığını bildirib.
Ən çox biomüxtəliflik və karbon ehtiyatı olan tropik bölgələrdə yanğınlar ilk dəfə meşə itkisinin birinci səbəbi olub. Halbuki yanğın bu ekosistemlər üçün təbii bir proses deyil. Digər tərəfdən, Kanada və Sibirdəki boreal meşələrdə də yanğınlar davam edir.
Braziliya ötən il tropik meşə itkisinin 42 faizinə səbəb olub. Ölkədə 25 min km²-dən çox yağış meşəsi məhv olub.
Boliviyada isə meşə itkisi 2020 ilə müqayisədə beş dəfə artaraq, 14 min km² əraziyə çatıb. Bu, soya, şəkər qamışı və maldarlıq əsaslı kənd təsərrüfatının genişlənməsi ilə bağlıdır.
Konqo Demokratik Respublikası və Konqo Respublikasında Konqo hövzəsi yağış meşələri tarixinin ən yüksək itki səviyyəsinə çatıb.
2021-ci ildə COP26 İqlim Zirvəsində 140-dan çox ölkə 2030-cu ilə qədər meşəsizləşməni dayandırma vədi vermişdi. Lakin yeni rəqəmlərə görə bu hədəfə çatmaq üçün 2024-dən etibarən hər il itkilər 20 faiz azaldılmalıdır.
Prof. Hansen “Qlobal temperatur artımı meşələri daha isti və quru edir. Bu da onları yanğınlara qarşı həssaslaşdırır. İnsan faktorlu kiçik bir qığılcım belə ən uzaq yağış meşələrini belə nəzarətdən çıxara bilər” xəbərdarlığını edib.
Goldman isə vəziyyəti “qlobal qırmızı siqnal” adlandıraraq bütün ölkələri, şirkətləri və fərdləri təcili hərəkətə keçməyə çağırıb.
Hesabatda bəzi müsbət tendensiyalar da yer alıb. Belə ki, İndoneziya və Malayziyada birincili meşə itkisi aşağı səviyyədə qalıb.
Malayziya isə tarixində ilk dəfə ən çox meşə itkisi olan ilk 10 ölkə siyahısından çıxıb.
Merilend Universitetindən Prof. Peter Potapov isə son xəbərdarlığı edərək “2024 meşə yanğınları baxımından ən pis il oldu. Bu tendensiya davam edərsə, təbii ərazilər davamlı şəkildə dəyişə bilər və böyük miqdarda karbon emissiyası iqlim böhranını daha da dərinləşdirə bilər” vurğulayıb.