Şəkili ilə zarafatsız, yaxud aktyorun son arzusu olmur - MÜSAHİBƏ

Onunla müsahibəni çoxdan qərarlaşdırmışdım. Şəki Dövlət Dram Teatrının ən qocaman aktyorudur. Hərçənd indi elə cavanlar var ki, ruhu da, aktyorluğu da 90-nın üstündədir. Amma qəhrəmanımda əksinə. Yaşamaq və çalışmaq həvəsi adamı heyran edir. Buna teatrla nəfəs alır da demək olar.
Yazımı köhnəlməyən görüşün təəssüratı da saya bilərsiz. Çünki bu bəyaz saç-saqqallı nurani insanla görüşüm payızın sonunda olsa da, yazıya yazın sonlarında gəldi.
Şəkiyə son ezamiyyəm 4-5 gün çəkdiyindən əsas vaxtımı S.Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirdim. Beləcə qəhrəmanımla da tez-tez orada rastlaşdım.
Gah teatrın foyesindəki köhnə-yeni fotolar arasında qəmgin-qəmgin gözləri yol çəkir, gah zalda məşq proseslərini izləyir, gah da həvəskarların vokal və plastika dərslərində gənclərin cərgəsində dayanırdı. Qısacası, teatrda, ruhu da bədəni kimi prosesdə idi.
Ona “Xanlar müəllim, onsuz də gedəcək yerimiz yoxdur. Siz teatrdan qopa bilmirsiniz, mən də burda, teatrda qonağam. Bəlkə oturub söhbət edək” təklifimə gülümsündü. Özüm qəsdən belə dedim. Çünki müsahibə vermək istəmədiyini bilirdim. Sağ olsun, məni yanıltmadı, söhbətimiz boyu keçmiş və indiki Şəki teatrı, onun həyatından danışdı.
Beləliklə, həmsöhbətim respublikanın Əməkdar artisti, Şəki Dövlət Dram Teatrının aktyoru Xanlar Həşimzadədir.
9 fevral 1955-ci ildə Şəkidə anadan olan X.Haşımzadə 1975-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır.
Teatrın aparıcı səhnə ustasıdır. 250-ə yaxın tamaşada müxtəlif səpgili obrazlar yaradıb.
İki dəfə “Qızıl Dərviş” mükafatı ilə təltif edilən aktyor ifadəli oyun üslubu, səmimi, daha doğrusu, təbiətinə, bəlkə də doğulduğu bölgəyə xas incə yumoru oyununa daşıya bilib. Bu mənada xüsusən komediya obrazları xarakterik və tipik səciyyəvidir.
Yaradıcılığının rəngarəngliyi, obrazlarının çoxçalarlığını nəzərə alsaq, dramatik rolları də seçkindir. Bu mənada V.Şekspirin “Kral Lir”ində Fransız Kralı, M.F.Axundzadənin “Hacı Qara”sında Hacı Qara, C.Məmmədquluzadənin “Dəli yığıncağı”ında Molla Abbas, H.Cavidin “İblis”ində İxtiyar, M.Bulqakovun “Usta və Marqarita”sında Pontiy Pilat, S.Mrojekin “Xoşbəxt hadisə”sində Gəlmə Adam, E.De.Filipponun “Ruhlar”ında Paskyale Loyyokolo çağdaş tetarşünaslar tərəfindən xüsusi qeyd olunan rollarıdır.
Aktyor taleyinə bir neçə filmdə irili-xırdalı rollar da yazılıb.
Diqqətli tamaşaçı “Həm ziyarət, həm ticarət də Satıcı, “Yaddaş”da Müslüm, “Fosfor adam”da Məmişi xatırlayır.
Sözsüz ki, onun üçün əvəzsiz məkan səhnə, özü də məhz Şəki teatrı səhnəsidir. Zaman-zaman ondan qopsa da artıq uzun illərdir ki, son dayanacağı da məhz oradır.
Söhbətimiz uzun oldu. bəzən zil, bəzən bəmə kökləndi xəyalən Şəki teatrının “qızıl dövr”ndə qalan adam...
– Şəki teatrı deyəndə ilk yada düşənlər sırasında siz varsınız.
– Elədirsə, sevinərəm.
– Şəkidə tamaşaçıların da çox zövqlü və tələbkar olduğu deyilir. Elədirmi?
– Sözsüz ki, tamaşaçı, ya da müştəri deyək, həmişə tələbkar olur. Heç vaxt demir ki, bəhanələrin, arqumentin, səbəblərin var, ya yox. O, daim ən yaxşısını istəyir.
Amansız da demək olar. Onun vecinə deyil sən xəstəsən, ya da ya saf. Acsan, ya tox. Nə bilsin soyuducun boşdur, ürəyin dolu. Amma səndən gözləntisi var. özü də çox haqlı, ərkyanə gözləntidir. Axı, o da dərd-sərini unutmaq, əhvalını xoş emtək üçün bəlkə də cibindəki son qəpik-quruşa bilet alıb, sənin qənşərində dayanıb.
– Bunu bilə-bilə bu teatr sizin üçün nə ifadə edir?
– Həyatımın böyük bir hissəsidir və mən ona aşiqəm. Ümumiyyətlə, mən aktyorları zadəgan, teatrı da bir dəbdəbəli qəsr hesab edirəm. Yəni səhnə salonda, aktyor yuxarıdadırsa, mətləb aydındır.
– Bu fikir həmişə birmənalı qarşılanmır.
– Mən yaxşı mənada deyirəm ki, səhnə yuxarıda, hasil olan mətləblər ideya yüklüdür deyə, onu ifadə edənlər də mənən yuxarı məqamda dayanmalıdır. Dayanmalıdır ki, oradan səsləndirdikləri amal kimi qəbul olunsun.
– Amma həm də deyirlər ki, aktyorun öz sözü olmur.
– Bu fikir mənim xətrimə dəyir. Niyə olmur?! Məsələn, deyirlər filan əsər zəif və ya güclü əsərdir. Deməli, o zəifdən güclü nümunə hazırlanırsa, aktyor da öz sözünü deyir.
– Anlaşılandır. Amma zəif əsərdən yaxşı tamaşa hazırlamaq heç də yaradıcı heyətin güc göstəricisi deyil.
– Bəs nədir? Hə, yaxşı olar ki, o zəif əsər səhnəyə yol tapmasın. Amma nə etməli? O qədər olub ki, ucuz ətdən şorba düzəltmişik (gülür).
– Mən də onu deyirəm də, Xanlar müəllim. Nə vacibdir ki, o ucuz ətdən şorba üçün bu qədər zəhmət-əziyyət çəkəsən?
– Sözsüz ki, lazım deyil. Amma təəssüf ki, buna qərarı biz vermirik.
– Yaxşı, o zaman rejissor-aktyor gücü bölgüsü neçənin neçəyə olur?
– Rejissor lokomotivdir. Vaqon nə qədər yük götürsə də, onu lokomotiv dartır. Avtobusda sürücüdür rejissor. İllərdir bir şeyi anlamışam ki, əsgər həmişə var, komandir lazımdır. Çünki bacarıqlı komandir olanda əsgərlər də nəyəsə nail olur. Əbəs yerə kollektiv sənət ifadəsini işlətmirlər.
– Amma hər aktyor da siz deyən fikirlə razılaşmır. Sənətkar var ki, “mən bir etüdümlə də tamaşaçını məftun edə bilirəm” deyir...
– Boş sözdür. Götürək rəhmətlik Yaşar Nurini. Ona layiq rejissorlar olsaydı, şöhrəti dünyaya yayılardı. Amma sonadək bir qəlibdə saxladılar, onun da, elə bənzər bir çoxlarının da evini yıxdılar. Bunda zaman da günahkardır. Sən Allah, bir bax, gör necə nəhəng aktyorlarımız gəlib getdilər. amma heç biri dünyaya çıxa bilmədi. Çox heyf…
– Mübahisəli məsələdir. Üstəlik, adını çəkdiyiniz aktyorun potensialından kino və teatr sənətimizdə yetəri qədər istifadə olunub.
– Düzdür, amma potensialının çox az miqdarına nisbətdə. Rejissorlar inciməsin, əyri oturub, düz danışaq da. Çox istərdim ki, bizim güclü rejissorlarımız çox olsun. Bunu inkar etməyək ki, bizim aktyor məktəbimiz rejissuraya nisbətən daha güclü olub. Özü də həmişə. Azdır, çox azdır aktyorun daxili enerjisini çıxaran siz deyən rejissorlar.
– Deməli, teatr məktəbimiz rejissor sarıdan daha çox axsayır?
– Rejissorlar hər an yetişmir axı, hər dönəm üçün 2, uzağı 3 nəfər olur. Gəlin, sayaq (rejissorları sayır və 10-a çatmır). Məsələn, rəhmətlik Vaqif Abbasov Moskvada oxumuşdu. Həyatını, faciəli ömür yolunu bilirsiniz deyə uzun danışmayacam. Amma o uzun yaşasaydı, bizim teatr indi başqa mərhələdə idi. Təəssüf ki, Bakıya gedəndən sonra yaradıcılığında o qədər də irəliləyə bilmədi. Ya da qoymadılar. Nə bilim, bəlkə də sağlamlığı imkan vermədi. Eləcə də zaman-zaman başqa rejissorlar işləmək imkanı, şəraiti tapmadı.
– Siz də bu şəraitsizliyə etiraz olaraq getdiniz Rusiyaya? Deyəsən, rəhmətlik Fərman Şəkili ilə getmişdiniz.
– Cavanlıq idi də. Həmd də çətin zamanlar oldu. Özümüzə yer tapa bilmirdik. Yaşamaq, çalışmaq, yaratmaq lazım idi. Amma hamılıqqla böyük bir boşluğa düşmüşdük. Lap Cırtdanla divin məsələsi kimi. Xəlbirlə su gətirmək idi bizimki. Sonra getdim, getdik. Amma ora da sənət üçün getmişdik. Düşündük ki, gedib orda oxuyarıq, filmlərə çəkilərik. Ən azı rəhmətlik Əjdər İbrahimov ordaydı. Hesab elədik ki, nə isə edə bilərik.
– Amma tərsinə oldu...
– Hə, özümü “şinzavod”da tapdım. Yadıma düşəndə pis oluram. Elə bilirəm o dönəm kiminsə həyatını yaşayırdım.
– Ona bir azdan qayıdacağıq. Şəki teatrında fəaliyyətinizdən danışaq. Daha doğrusu, qəribsədiyiniz dövrdən. Şəki teatrının sorağının sərhədləri aşdığı vaxtdan.
- Gözəl dövr idi. Mən gördüklərimdən danışsam daha yaxşıdır. Vaqif Abbasov, Hüseynağa Atakişiyev, Cahangir Novruzov. Cahangir bura gələndə gənc idi. Nikbin, həyatsevər, çox səmimi idi və biz onu hələ də eyni məhəbbətlə sevirik. Rəhmətlik Mərdan Feyzullayevə də işləmişəm. Təəssüf ki, o az işlədi. Sonra Mirbala Səlimli gəldi və biz yola onunla davam edirik.
– Studiyadan, xalq teatrından gəlmisiniz deyə soruşuram: aktyor kimi sizin rejissorunuz, sənət üzrə müəlliminiz onlardan hansıdır?
– Bölgü eləmirəm, məncə, hamısı.
– Niyə sonradan aktyor sənəti üzrə təhsil almadınız? Nə mane oldu?
– Tənbəlliyim (gülür). Hələ məktəbdə oxuyanda sənət barədə düşünürdüm. Sonra kəsildim, həvəsdən düşdüm. Tənbəllik zəhmət çəkib oxumağa qoymadı. Sonra bir çox gənclər kimi şöhrətpərəstlik hisslərim baş qaldırdı. Özünü tanıtmaq istəyi ilə bu sənəti seçdim. Düşündüm ki, aktyorluq əladır. Daş daşımırsan, ağır iş görüb, zavod-fabrikdə itib-batmırsan. Sənətdə, səhnədə, göz önündə olursan, dedim öz-özümə. Bu fikirlə rəhmətlik Fərmanla Şəki İpək Kombinatındakı dram dərnəyinə yazıldım. Onda Şəkidə dərnəklər çox idi. Yaxşı xalq teatrımız da vardı. Sonra imtahan verdim, kəsildim. Bir az da həvəsdən düşdüm. Əsgərliyə gedib-gəldim. Sonra çılğın arzularla “yox, buralar mənə dar gəlir” deyərək üz tutdum Moskvaya.
– Tənbəlin arzuları reallaşdı?
– Yox, əlbəttə ki. Halvadı bəyəm? Bəxtim gətirdi ki, nə orda, nə də burda mənə “yaramırsan” demədilər. Yəqin Allahın yazığı gəldi, dedi buna hardasa çörək verim də (gülür).
– Yəqin sonra bütün fiziki ağır işlərin aktyorluqdan yüngül olduğunu da anladınız?!
– Özü də necə. Həqiqətən də, bu sənətin mənəvi ağırlığı fiziki ağırlıqdan daha betər idi. Bunu zavodda işləyəndə anladım. Yadımdadır, briqadirimiz rusca “Xanlar, bu sənin çörəyindir” deyib şini göstərəndə üz-gözümün kirinə, əllərimin, üst-başımın qara-qurasına baxıb acıqla “Yox, bu mənim çörəyim olmayacaq” deyib arxama baxmadan çıxdım oradan. Elə o vaxtdan da burda – səhnədəyəm. Deməli, mənim çörəyim burdadır. Bilirsiz, o an anladım ki, mən öz yerimdə deyiləm. Sağ olsun o briqadir. Məni ayıltdı və anladım ki, ali bir məqamı – səhnəni zavoda dəyişməklə böyük bir şey itirmişəm. Elə bil zadəganlıqdan lakeyliyə düşmüşdüm. Beləcə, Fərman da, mən də qayıtdıq. Onda artıq Hüseynağa müəllim burada idi. Proses sürətlə getdi, rollar, qastrollar, festivallar və illər keçdi.
– Aktyor ömrünüzdən məmnun görünürsünüz...
– Şükür, narazılığım yoxdur.
– Sizcə, Bakı teatr mühitində daha tez nəzərə çarpardınız, yoxsa “daş düşdüyü yerdə ağırdır”?
– Düzü, bu barədə düşünməmişəm. Amma təcrübə göstərir ki, gedənlərin çoxu parladı. Mən də seçilərdim, əminəm. Amma itib-batanlar da olur. Rəhmətlik Həsənağa Turabov 1992-ci ildə Fərmanla məni dəvət eləmişdi. Düzü, tənbəllikdən getmədim (gülür). O məni iki dəfə dəvət etdi. İkincidə televiziya, fərdi yaradıcılıq imkanları daha geniş idi. Anladım ki, yox, buranı qoyub gedə bilmərəm. Sənət gəmisindən düşüb qayığa minə bilmədim. Fərman istedadlı insan idi, o individuallığa getdi, mən edə bilmədim. Azərbaycan teatrı onun simasında böyük aktyorunu itirdi. Qədri bilinmədi. Zamanında dəyərini almadı. Nə bilim, bəlkə də zamanını qabaqlamışdı. Ya da yeri buralar deyildi. Mən ondan çox şey öyrəndim, ruhu şad olsun.
– Şəki teatrının tamaşa qalereyasında öz yeriniz, müxtəlif xarakterli xeyli rolunuz var. Baxıram, əsas planlarda adınız var.
– Niyə elə hesab edirsiniz ki, rol arzum yoxdur? Məsələn, manyak rolunu oynamaq istəmişəm. Özü də dəli bir arzu ilə. O rol ki, bütün pislikləri etsin, sonra da qıvrıla-qıvrıla ölsün. Tamaşaçılar ləzzət alsın. Əsas da mən.
– Deməli, mənfi qəhrəmanlar sizi daha çox cəlb edir?
– Hə, amma az oynamışam. Bu arzu sonradan beynimə girib. Komediya, dram, faciə var, qalır bu formada özünü sınamaq. Amma məşhur obrazlar – Hamlet, Kral Lir, Otello məni heç vaxt cəlb eləməyib. Indi oradan baxanda elə görünə bilər ki, o rolları vermədilər deyə elə deyirəm. yox, vallah, dürüst fikrimdi. Bu mənada mənfi obraz, onu tapmaq, ifadə etmək mənə daha maraqlı görünür.
– Əlahəzrət 70-i salamlayaq?
– Daha gəlib də, qapıda saxlamaq olmaz. Amma tələsib (gülürük). Amma bir də ağrılı məqam var: yaş çatır və qanun deyir ki, get.
Bu barədə düşünmək istəmirəm. Düzü, hər yadıma düşəndə bütün həyatım gözlərim önündən keçir. Amma işdən çıxmaqla teatrdan getmirəm ki. Səhnədən zala düşürəm, tamaşaçı oluram. Bir az da özümüzü onların yerinə qoyaq da – səhnədəkilərin (bu sözü deyərkən gülümsünsə də mən o zorakı təbəssümün ağırlığında çətinlik çəkdiyini asanlıqla hiss edirəm və tez söhbəti yaradıcılığa, prosesə qaytarıram).
– 70-i yola salmış zadəgan aktyorun son işlərinə baxaq?
– “Heç nədən hay-küy”də Leonato, “Kuraj ana və uşaqları”nda Keşişəm. Bir də “Ulduzlar görüşəndə” adlı uşaq tamaşasında Xəzinədar. Baş rejissorumuz çox fədakardır, teatrı sevir, daim işləyir və bizi də ən yaxşısına sövq edir. Gördüyünüz kimi, teatrımızda qaynar yaradıcılıq həyatı var. Deməli, dayanmaq olmaz. İndi daha bilmirəm, “bəsdir, get, dincəl” deyəcəklər, ya yox. Amma nə qədər burdayam, sevə-sevə işləyəcəm. Çünki mənim üçün səhnə, bayaq dediyim kimi, zirvə uca məqamdır. Ora çıxmaq nə qədər çətindirsə, oradan enmək... Onu da deyim, ürəyimdən gəldi. İndi qədir bilinmir. Baxın, səhnəyə yararlı ola-ola gedən, göndərilən aktyorların nisgili məni çox incidir. Bilirsiniz, elə bilirəm mən yeyirəm, onlar ac uşaq kimi mənə baxırlar. Yəqin bu aqibət məni də gözləyir. Sözsüz ki, mənəvi aclıqdan gedir söhbət. Bu heç. Ən əsası, gedənlərin yeri ya dolmur ya da çox çətin. Aktyor səhnədə olmayanda, ona həsrətlə baxanda xiffət edir, azarlayır və...
– Xanlar müəllim, gəlin, sənətə vida söhbətini sonraya saxlayaq. Şəkillərinizə baxanda bilirsiniz nə düşündüm? Gəncliyinizdə səhnədə şərqli cəngavər olmusunuz, 70-də də qərbli rahib. Amma sizi izləmək sizin izləməyinizdən daha maraqlıdır. Odur ki, tamaşaçılar sırasına keçməyə tələsməyin.
– Müqayisəniz xoşuma gəlsə də, gəlməsə də, inandırıcıdır (gülür). Əsas odur görüşək.
Söhbətləşdi: Həmidə Nizamiqızı