Fransada bir kişini məsciddə namaz qılarkən bıçaqlayaraq öldürən şübhəli İtaliyada təslim olub


Aprelin 25-də Fransanın Ales şəhəri yaxınlığındakı məsciddə namaz qılan müsəlmanı bıçaqlayaraq öldürən və hadisə baş verdiyi tarixdən axtarışda olan şübhəli İtaliyanın Pistoia şəhərində polis bölməsinə təslim olub.



Milli mətbuatda çıxan xəbərlərə görə, 25 aprel cümə günü Fransanın Ales şəhəri yaxınlığındakı La Grand-Combe qəsəbəsindəki Xədicə məscidində bir müsəlmanı bıçaqlayaraq öldürən şübhəli İtaliyada saxlanılıb.

Ales Respublika Prokurorluğu şübhəli Olivier H.-nin dünən axşam yerli vaxtla saat 23:00 radələrində Pistoia polis bölməsinə gəldiyini və orada saxlanıldığını və Fransaya göndərilməsinin gözlənildiyini açıqlayıb.

Prokurorluq həmçinin qeyd edib ki, şübhəli şəxs terrorçu kimi təsvir edilə bilməz və buna görə də Milli Terrorla Mübarizə Prokurorluğu bu işə qarışmayacaq.

Fransanın baş naziri Fransua Bayrou 24 yaşlı müsəlman gəncin 40-50 bıçaq zərbəsi ilə vurulduğu hücumu "İslam əleyhdarı alçaqlıq" kimi dəyərləndirərkən, bir çox siyasətçi də bu hadisəyə sərt reaksiya verib.

Fransa İslam Şurası (CFCM) verdiyi yazılı açıqlamada anti-İslam terror hücumunu ən sərt şəkildə pisləyib.

Fransız mediasının əvvəlcə bu hücumu "iki müsəlman arasında mübahisə" kimi qələmə verdiyini və beləliklə də hücumun İslama zidd mahiyyətini görməməzliyə vurmağa çalışdığını vurğulayan CFCM, bu son dərəcə narahatedici vəziyyət qarşısında ölkədəki müsəlmanlara oxşar hücumların mümkünlüyü ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu