Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb - FOTOLAR

Sabunçu Tibb Mərkəzində ilk dəfə Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb.
AFN.az TƏBİB-ə istinadən xəbər verir ki, 10 çarpayıdan ibarət yeni şöbə zəruri və müasir tibbi avadanlıqlarla təchiz olunub. Şöbədə üz-çənə travması və patologiyaları olan pasiyentlərin müayinə və müalicəsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Üz-çənə cərrahiyyəsi üçün istifadə olunan tibbi sərfiyyat – titan mini lövhələr, vidalar, o cümlədən fiziodispenser (elektrikli motor) və digər lazımi avadanlıqlarla təchiz olunan şöbədə icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun olaraq, üz-çənə cərrahiyyəsinə aid bütün növ tibb xidmətlərinin göstərilməsi mümkündür.
Üz-çənə cərrahiyyəsi şöbəsində ilk cərrahi əməliyyat da uğurla icra olunub. 2002-ci il təvəllüdlü pasiyent (kişi) üzərində ikitərəfli sagittal split osteotomiya (Bilateral Sagittal Split Osteotomy) və lefort I osteotomiyası əməliyyatı həyata keçirilib. Hazırda şöbədə pasiyentin müalicəsi davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
Yeni şöbənin açılması Sabunçu Tibb Mərkəzində vətəndaşlara göstərilən xidmətlərin sayına, tibbi xidmətə əlçatanlığın genişləndirilməsinə və eləcə də ixtisaslı xidmətlərin çeşidliliyinin artmasına xidmət edir.
TƏBİB tibb müəssisələrində səhiyyə infrastrukturunun yenidən formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.