Heç bir üçüncü ölkənin bunu bizdən yaxşı bilməsi mümkün deyil - Mixeil Kavelaşvili

“Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim”.
Bunu Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub: “Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib.
Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”.