İran ilanın başıdır - İsrail müdafiə naziri

İsrailin müdafiə naziri İsrael Katz Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyini İranla birbaşa əlaqələrdə ittiham edib. Onun sözlərinə görə, İran radikallara yarım milyard dollar yardım edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda Katz bu haqda məlumatı kəşfiyyat bölməsindən aldığını deyib: "Mənə Qəzza zolağında HƏMAS liderlərinin tunellərində tapılan məxfi sənədi təqdim edildi. Bu, İran və HƏMAS liderləri arasında birbaşa əlaqələri, eləcə də İranın HƏMAS-ın İsraili məhv etmək və 7 oktyabr 2023-cü il hücum planını dəstəklədiyini sübut edir. Bu sənəddə HƏMAS İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Gücündən İsrailin məhvini maliyyələşdirmək üçün 500 milyon dollar tələb edir".
Katzın fikrincə, nəticə göz qabağındadır və “İran ilanın başıdır”. O, həmçinin bildirib ki, İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcək və İranın "şər oxu məhv edilənə qədər" öz terror peyklərinə zərbələr endirməyə davam edəcək.