BDU-da iqtisadi fizikanın problemləri müzakirə olunub


Bakı Dövlət Universitetinin (BDU) Fizika, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında "Elm günü"nə həsr edilmiş silsilə seminarlar çərçivəsində iqtisadi fizikanın problemlərinə dair elmi seminar keçirilib.

Əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı təqdim olunan mövzunun aktuallığı, fakültələrarası birgə fəaliyyətin əhəmiyyəti barədə danışıblar.

Sonra Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Maarif Cəfərov "İqtisadi fizikanın bu günü və gələcəyi" mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, müasir dövrdə fənlərarası inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə fizikaya aid biliklərin və fizika qanunlarının digər elm sahələrində tətbiqi yeni istiqamətlərin meydana çıxmasına gətirib. Bu istiqamətlərdən biri də "İqtisadi fizika", başqa sözlə "Ekonofizika"dır. O qeyd edib ki, "Ekonofizika" termini ilk dəfə 1997-ci ildə maliyyə məlumatlarının təhlilinə statistik fizikanın üsullarının tətbiq olunduğu işlərin ümumi icmalında işlənib. 1998-ci ildən etibarən Avropa və Şimali Amerikada mütəmadi olaraq ekonofizika üzrə konfranslar keçirilir. Həmin konfranslarda iqtisadi proseslərin idarə olunmasına fizikanın qanunlarının tətbiqinə dair elmi araşdırmaların nəticələri təqdim olunub. Maarif Cəfərov bildirib ki, hazırda bir çox aparıcı universitetlərdə ekonofizika üzrə mütəxəssis hazırlığı aparılır və bu ixtisas gələcəyin ixtisası hesab olunur. O, həmin ali təhsil müəssisələrində ekonofizika ixtisası üzrə tədris prosesinin xüsusiyyətləri barədə danışıb, həmin ixtisas çərçivəsində keçilən mövzuları sadalayıb, termodinamikanın, statistik fizikanın, kvant fizikasının qanunlarının iqtisadi proseslərin öyrənilməsinə tətbiqi barədə nümunələri göstərib. O, BDU-nun magistratura təhsil pilləsində bu ixtisas üzrə kadr hazırlığı üçün görülməli olan işlərdən danışıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu