İndiyə qədər hansı yüksək vəzifəli məmurlar şiddətli töhmət alıblar?


Prezident İlham Əliyevin Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verməsi və ondan sonra agentlik ətrafında baş verənlər neçə gündür gündəmdədir.


AFN.az xatırladır ki, prezident martın 6-da F.Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilməsi ilə bağlı sərəncam imzalayıb. Bundan sonra isə mediada yayılan məlumatlarda adıçəkilən məmurun cəzalandırılmasına rəhbərlik etdiyi qurumdan xidməti məlumarların sızdırılmasının səbəb olduğu ilə bağlı məlumatlar yayıldı. Artıq Dövlət Təhlükəsizlik Xidməti də agentlikdə yoxlamalara başlayıb, həbs olunan var.

Bəs F.Nağıyevə qədər daha hansı məmurlar şiddətli töhmət alıblar?



İnternetdə yayılan məlumatlar üzərindən apardığımız kiçik araşdırmada xatırladıq ki, prezident İlham Əlievin sərəncamı ilə 2020-ci ilin aprelində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da işində yol verdiyi nöqsanlara görə şiddətli töhmətlə cəzalandırılıb. N.Bağırovun həmin vaxtlar qüvvədə olan karantin rejimi qaydalarını pozaraq Bakıya gəldiyi və restoranların birində yeyib-içmək məclisində iştirak etdiyi bildirilirdi. Maraqlıdır ki, N.Bağırov onda cəmi 1 ay idi ki, icra başçısı təyin edilmişdi.
Qeyd edək ki, N.Bağırovun karantin rejimini pozaraq Bakıya gəlməsi və burada məclisdə iştirak etməsi ilə bağlı məlumatı AFN.az saytı yayımlamışdı.



Rəsmi qaydada şiddətli töhmət alan məmurlardan biri də “Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevdir. Ötən ilin oktyabrında baş nazir Əli Əsədovun imzaladığı sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

AFN.az Araşdırma qrupu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu