Meksika prezidentindən ABŞ-ın tariflərinə cavab: Sakit və səbirlə gözləyəcəyik

Meksika prezidenti Klaudya Şeynbaum ABŞ rəhbərliyinin Meksikadan idxal edilən mallara 25 faiz gömrük vergisi tətbiq etmə qərarı ilə bağlı "Sakit və səbirlə gözləyəcəyik" deyib.
Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışan Şeynbaum ABŞ-ın Meksikadan idxala 25 faizlik rüsum tətbiq etməsinə toxunub.
"Sakit və səbirlə gözləyəcəyik. Qeyri-müəyyənlik yaratmayaq. Bu, ABŞ hökumətinin verəcəyi qərardır və bu, çox vacibdir. Mülayim, sakit və səbirli olmalıyıq. Bizim A planımız, B planımız, C və D planımız var, ona görə də heç kim narahat olmasın", - deyə Şeynbaum bildirib.
Təhlükəsizlik qüvvələrinin fentanil və narkotik təşkilatlarına qarşı əməliyyatlarını qrafiklər vasitəsilə izah edən Şeynbaum "Meksika üzərinə düşəni etdi. Bu ay əməkdaşlıq və koordinasiya baxımından yaxşı keçdi. Xarici işlər naziri Juan Ramon de la Fuente Vaşinqtona getdi və təhlükəsizlik görüşləri və ticarətlə bağlı görüşlər keçirdi və bu, çox yaxşı keçdi" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 3-də Kanada və Meksikadan idxal edilən məhsullara 25 faizlik gömrük rüsumunun sabahdan başlayacağını açıqlayıb.