ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşacaqmı?

Birləşmiş Ştatlar çox şeyə açıqdır, lakin əsas prioritet Ukraynada sülhə nail olmaqdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, bu fikri jurnalistlərin kəşfiyyat məlumatlarının ötürülməsi sahəsində Kiyevlə əməkdaşlığın mümkünlüyü barədə suallarına cavabında səsləndirib.
Tramp ikitərəfli danışıqlardan sonra Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransında deyib: "Biz bütün bu vəziyyətə çox böyük təsir göstərmişik. Amma birinci mərhələni tamamlamayana qədər ikinci mərhələ haqqında danışmağı xoşlamıram. Birinci mərhələ odur ki, onlar sülh bağlamalıdırlar və biz Rusiyanı razılaşdırmalıyıq, Ukraynanı razılaşdırmalıyıq. Və düşünürəm ki, biz bunu edəcəyik. Biz uzun bir yol qət etmişik. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Əgər belə düşünməsəydim, bunu deməzdim. Və düşünürəm ki, bu, çox vacib, çox tarixi olacaq və biz çoxlu sayda insanın həyatını xilas edəcəyik".