Vindzor qəsrinə oğru girib


İngiltərə şahzadəsi Uilyam, arvadı Keyt Middlton və üç uşağı yatarkən iki maskalı oğrunun Vindzor qəsrinə girdiyi üzə çıxıb. Oğurlanmış avtomobillərlə əraziyə girən oğrular axtarılır.



İngiltərədə kral ailəsinə məxsus Vindzor qəsrinə girən maskalı iki oğrunun ötən ay qalanın anbarındakı iki avtomobili oğurladığı bildirilib.

İngilis mətbuatında yer alan xəbərlərdə hadisə zamanı Kral III Çarlz və həyat yoldaşı Kraliça Kamillanın qalada olmadığı, lakin Şahzadə Uilyam və həyat yoldaşı Keytin Vindzor qəsrinin yerləşdiyi ərazinin bir hissəsi olan Adelaide adlı yay evində olduğu ifadə edilib.

“Reuters”in məlumatına görə, iki oğru gecə saatlarında oğurlanmış yük maşını ilə qalanın darvazasından daxil olub, daha sonra hündürlüyü təxminən 2 metr olan hasara çıxıb. Yerli polis rəsmiləri məlumat veriblər ki, oktyabrın 13-də gecə yarısına yaxın paytaxt Londonun qərbində, Vindzorda Royal Estate-də oğurluq hadisəsi qeydə alınıb. Buna görə ferma binasına girən şübhəlilər qara rəngli avtomobil və qırmızı rəngli ATV tipli avtomobil oğurlayıblar.

Thames Valley Polis Departamenti oğruların daha sonra Old Windsor/Datchet bölgəsinə doğru qaçdıqları məsələ ilə bağlı e-poçt şərhində, hadisə ilə əlaqədar hələ heç kimin saxlanılmadığını və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

Bukingem Sarayı oğurluqla bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, 2021-ci ildə qəsrin yerləşdiyi ərazidə bir nəfər arbaletlə tutulub və İngiltərə kraliçası II Yelizavetanı öldürmək istədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu