50-yə yaxın həkim bir gecədə "estetik cərrah" olub - ŞOK SİYAHI
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.
Jurnalist həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib.
“Azərbaycanın estetik cərrahiyyəsinin üzü... Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?”
Q.Ataşova, həmçinin sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib: “Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub özünüzü “beynəlxalq mütəxəssis” kimi hiss edə bilərsiniz.
Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.
Yayılan ittihamlarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Qafqazinfoya bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb: "Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq olunub. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək”.
Mərkəzdən, həmçinin bildirilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının “Müraciət” bölməsinə və ya aem@pharma.az elektron ünvanına bildirsinlər.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə diplomu olmayan və ya saxta yollarla diplom alan stomatoloqlarla bağlı da analoji məlumat və siyahı paylaşılmışdı.