BMT TŞ Ankara terrorunu pisləyib
BMT Təhlükəsizlik ŞurasıTürkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilən terror aktını ən sərt şəkildə pisləyib və hücuma görə məsuliyyət daşıyanların, onu maliyyələşdirənlərin və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib.
15 üzvdən ibarət BMGK terror aktı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada BMGK üzvlərinin həyatını itirənlərin ailələrinə və yaxınlarına, Türkiyə xalqına və hökumətinə başsağlığı verdikləri, yaralananların tezliklə sağalmasını arzu etdikləri bildirilib.
“BMT TŞ üzvləri bəyan edirlər ki, terror bütün forma və təzahürlərində beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdiddir”.
Bəyanat müəllifləri bütün üzv dövlətləri beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Türkiyə hökuməti ilə səmərəli əməkdaşlıq etməyə çağırıb.
Açıqlamada hər cür terror fəaliyyətinin cinayət olduğu və heç bir legitimliyi olmadığı vurğulanıb.