Qarabağda yeni idarəçilik: icra hakimiyyətləri ləğv edilir?


İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında yeni idarəetmə forması həyata keçirilir. Belə ki, burada idarəetmə Prezidentin Xüsusi Nümayəndəliyi tərəfindən həyata keçirilir.


Qeyd edək ki, xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etməkdir.

Xüsusi nümayəndələrə bir çox səlahiyyətlər verilib. Onlar azad edilən ərazilərdə bütün işlərə nəzarət edir. Prezident İlham Əliyev azad edilən bütün rayonlara xüsusi nümayəndə təyin edib və onlar həmin bölgələrdə işlərini davam etdirirlər.

Xüsusi nümayəndəliklərlə yanaşı azad edilən rayonların İcra Hakimiyyətləri də fəaliyyət göstərirlər. Onlar hələ işğaldan azad olunmuş ərazilərə köçürülməyib və müxtəlif bölgələrdə olan keçmiş məcburi köçkünlərin işləri ilə məşğuldur.

Bəzi ekspertlər keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına tam qayıtdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur regionları üzrə icra hakimiyyətlərinin ləğv ediləcəyini düşünür.

Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, hazırda Qarabağdakı idarəetmə qətiyyən paralellik təşkil etmir:

"Azərbaycanda bütün sahələrdə islahatlar uğurla davam edir və öz yaxşı nəticələrini verir. İdarəetmə sistemində də Prezidentin Xüsusi Nümayəndəliyinin təsis edilməsi bir yenilikdir. Sözsüz ki, bu da idarəetmənin şəffaf, düzgün və operativ idarə olunaması üçün vacibdir. Prezidentin xüsusi nümayəndəliyinin təsis edilməsi işğaldan azad olunmuş regionlarda görülən işlərin həm sürət, həm keyfiyyət, həm də nəzarət altında aparılmasına imkan verir. Xüsusi nümayəndəlik məhz bu işlərlə ciddi məşğul olmaqla, tikinti-bərpa, abadlıq işlərinin görülməsində xüsusi rol oynayır. İşğaldan azad olunan ərazilərdəki möhtəşəm işlər bunu deməyə əsas verir. İcra orqanları isə vətəndaşların tələb və arzularını öyrənir. Eyni zamanda onlarla görüşlər keçirilir, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görüb, həyata keçirirlər. Bu, heç də paralellik deyil, düşünülmüş idarəetmə formasıdır. Öz səmərəsini veririsə, daha da təkmilləşəcək".

Komitə sədri söyləyib ki, idarəetmədə bu və ya digər formada yeniliklər yaradıla bilər:

"Artıq işğaldan azad olunmuş ərazilərə insanlar köç edirlər. Bir çox rayonlarda artıq məskunlaşma başlayıb. İnsanlar özlərinin normal həyatlarını təmin etmək üçün yerli müəssisələr qurur, iş yerləri açırlar. Əlbəttə, təkmilləşməyə ehtiyac var. İdarəetmənin təkmilləşdirilməsi yeni statusların tətbiqi ölkə başçısının səlahiyyətindədir. Lazım olarsa, idarəetmədə bu və ya digər formada yeniliklər yaradıla bilər. İdarəetmədə yeni institutun tətbiqi o demək deyil ki, icra hakimiyyətləri tez bir zamanda ləğv edilməlidir. Gələcəkdə buna ehtiyac yaranarsa və yeni idarəetmə formaları özünü daha yaxşı doğruldursa, sözsüz, yeniliklər tətbiq olunmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu