66 gün dənizdə qalsa da, sağ çıxdı
Rusiyalı şəxs qardaşının və qardaşı oğlunun dənizdə həyatını itirdiyi hadisədən sonra 66 günlük mübarizədən möcüzəvi şəkildə sağ qalıb.
Mixail Piçuqin iki aydan çox donmuş dənizlərdə şişmə qayıqda qaldıqdan sonra xilas edilib. Məlum olub ki, Mixailin 49 yaşlı qardaşı Sergey və onun 15 yaşlı oğlu İlya səyahət zamanı dünyasını dəyişib.
Avqustun 9-da Piçuqin qardaşı və qardaşı oğlu ilə Rusiyanın Xabarovsk vilayətindən Saxalin adasına hava ilə doldurulan katamaranla yola düşüb. Lakin o, 66 gün dənizdə qaldıqdan sonra Oxot dənizində təxminən 1000 kilometr dərinlikdə balıqçı gəmisi tərəfindən tapılıb.
Xilas edilən zaman çəkisi cəmi 50 kiloqram olan Piçuqinin həyat yoldaşı Yekaterina bildirib ki, onun səyahətə çıxmazdan əvvəl 100 kiloqram çəkisi olub. Ehtimal edilir ki, onu bu günlər ərzində məhz həmin çəki yaşadıb.
Bildirilir ki, Piçuqin və ailəsi yola çıxanda yalnız iki həftəlik yemək və su alıblar. Qrup yağış sularını və qurudulmuş qidaları toplayaraq sağ qalmağa çalışıb. Piçuqinin qardaşı oğlu İlya sentyabrın əvvəlində vəfat edib. Qardaşı Sergey soyuq suda çimmək istəyərkən dənizə yıxılıb və Piçugin tərəfindən xilas edilib, lakin o da az sonra dünyasını dəyişib.
Piçuqin Maqadan şəhərinə aparılaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin yaxşı olduğu bildirilir. Lakin hadisə ilə bağlı təhlükəsizlik qaydalarının pozulması iddiaları ilə istintaq başladılıb və təqsirli bilindiyi təqdirdə Piçuqinin 7 ilə qədər həbs cəzası ala biləcəyi bildirilib.
Piçuqin Saxalin üzərində işləyən sürücü idi və qardaşı və qardaşı oğlunu balina seyri turuna dəvət edib. Lakin bu planlaşdırılan dəniz səyahəti faciəvi hadisə ilə başa çatıb.