Nəsrullah öldürülməzdən əvvəl atəşkəsə razılaşıbmış?
Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib Hizbullahın baş katibi Nəsrullahın ölümü ilə bağlı təəccüblü açıqlama verib.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, o, Nəsrullahın İsrail tərəfindən öldürülməzdən əvvəl atəşkəsi qəbul etdiyini deyib: "ABŞ və İsrail bunu bilirdi".
ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron tərəfindən edilən 21 günlük atəşkəs çağırışının qəbul edildiyini deyən Buhabib ABŞ prezidenti Baydenin baş müşaviri Amos Hokşteyn Livana gedib atəşkəs üçün danışıqlar aparmalı olduğunu bildirib.
Bu mövzuda Hizbullah ilə görüşdüklərini açıqlayan Buhabib daha sonra qeyd edib: "Nəsrullah atəşkəsi qəbul etdi, bəli. Biz atəşkəsi tam qəbul etdik, Hizbullahla görüşdük. Livan parlamentinin sədri Nebih Berri Hizbullah ilə müzakirə etdi. Baş verənlərlə bağlı amerikalıları və fransızları məlumatlandırdıq".