Azərbaycan Trabzon sağlamlıq turizmi layihəsində əsas hədəf bazarlarından biridir
Azərbaycan sağlamlıq turizmi təmsilçiləri Trabzon Sənaye və Ticarət Odasının həyata keçirdiyi layihə çərçivəsində bu şəhərdə səfərdə olublar.
Trabzonda sağlamlıq turizminin inkişafına dəstək məqsədilə həyata keçirilən layihədə Azərbaycanla da yaxından əməkdaşlıq xüsusi yer tutur.
Bu barədə AFN.az-a məlumat verən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədr müavini Ceyhun Aşurovun dediyinə görə, layihə sağlamlıq turizmi məqsədilə Trabzona gələn turistlərin daha sonra Azərbaycana səfərinin təşkil edilməsini nəzərdə tutur. Səfərin məqsədi Trabzonun sağlamlıq turizmi təsisiatları ilə yaxından tanış olmaqdır. Səfərdə iştirak edən heyətin tərkibində ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin, tibb müəssisələrinin, TƏBİB-in nümayəndələri təmsil olunur. Nümayəndə heyəti səfər zamanı öz növbəsində Azərbaycanın sağlamlıq turizmi imkanları ilə bağlı məlumatları trabzonlu həmkarlarının diqqətinə çatdırıb.
Trabzon Sənaye və Ticarət Odası başkanı Erkut Çelebi Azərbaycan nümayəndələri ilə görüşdə bildirib ki, Trabzonda reallaşdırılan sağlamlıq turizmi layihəsi çərçivəsində Azərbaycan əsas hədəf bazarlarından biridir. Bunun üçün də ötən il Trabzon sağlamlıq turizmi təmsilçilərinin Azərbaycana 3 günlük səfəri təşkil olunub.
Qeyd edək ki, Bakıdan Trabzona həftədə 4 dəfə birbaşa uçuşlar həyata keçirilir.
FƏXRİYYƏ