Yaponiyada yeni LDP sədri üçün seçkilər sentyabrın 27-də keçirilə bilər
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) yeni sədri üçün seçkilər sentyabrın 27-də keçirilə bilər.
Bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bu, partiyanın hazırkı rəhbəri olan baş nazir Fumio Kişidaya BMT Baş Assambleyasının sentyabrın 24-də başlayacaq sessiyasında iştirak etməyə imkan verəcək. Eyni zamanda, sentyabrın 12-dən etibarən 15 gün ərzində seçkiqabağı rəsmi təşviqat kampaniyası aparılacaq. Rəsmi səsvermə tarixinin tezliklə təsdiqlənməsi planlaşdırılır.
Kişida daha əvvəl təsdiqləyib ki, qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak etməyəcək və hökumət başçısı postunu tərk edəcək. O, hökumətin reytinqləri LDP üçün siyasi ianələrin toplanması zamanı əsasən maliyyə hesabatlarının pozulması ilə bağlı bir sıra qalmaqallara görə rekord həddə düşdüyündən namizəd olmamaq qərarına gəlib.
Fumio Kişida 2021-ci ilin sentyabrında Yoşihide Suqanın istefasından sonra LDP-nin lideri seçilib. Şinzo Abe hökumətində Kişida təxminən beş il Xarici İşlər Nazirliyinə rəhbərlik edib və eyni zamanda təxminən bir həftə müdafiə naziri vəzifəsində çalışıb. O, həmçinin LDP-nin əsas siyasi şurasının rəhbəri də daxil olmaqla bir sıra digər vəzifələrdə çalışıb.
LDP sədri və gələcək baş nazir postuna mümkün namizədlər arasında əhali arasında çox məşhur olan keçmiş müdafiə naziri Şiqeru İşiba, LDP-nin baş katibi Toşimitsu Moteqi, iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi, rəqəmsallaşma naziri Taro Kono, xarici işlər naziri Yoko Kamikava və digərləri var.