Yeni alınan paltarlarda təhlükə! - Ekspertlərdən xəbərdarlıq
Diqqətli olmasanız, tez-tez paltar alış-verişinin kabusunuza çevrilməsi mümkündür. Mütəxəssislər xəbərdarlıq edir ki, yeni alınan paltarları yumadan geyinmək ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Yuyulmamış geyinilən yeni paltarlar bakterial infeksiya, viral infeksiya və qaşınma riski daşıyır. Parazitar infeksiyanın paltara keçməsi üçün qotur xəstəsinin orta hesabla 10-15 dəqiqə paltarla təması kifayətdir. Bunun qarşısını almaq üçün mütəxəssislər yeni alınan paltarların yüksək temperaturda (60 dərəcədən yuxarı) yuyulmalı olduğunu bildirir və onları yumşaq yuyucu vasitələrlə yaxalamağı tövsiyə edirlər.
Türkiyəli dermatologiya mütəxəssisi, həkim Necla Eryılmaz mağazadan alınan yeni paltarların yuyulmadıqda dəriyə vurduğu ziyanla bağlı açıqlama verib. "Mağazadan aldığımız paltarları təmizmiş kimi alırıq. Ancaq yuyulmadan geyinildikdə bəzi problemlərlə qarşılaşırıq. Xüsusilə körpə və uşaqların dərisi daha həssas olduğu üçün bu problemlərlə daha çox qarşılaşırıq. Uşaqlarda bunlar nə ola bilər? Bunlar tekstil məmulatlarının istehsalında istifadə olunan bəzi boyalardır. Boyalar bəzi kimyəvi maddələrlə bərkidilir. Bu səbəbdən də, yuyulmadan geyinildikdə, təəssüf ki, bəzi dəri səpgiləri və qıcıqlanmaları yaradır. Xüsusilə atopik uşaqlarda və dərisi həssas olan insanlarda problemlərə səbəb ola bilir. Bu səbəbdən yeni aldığımız paltarları maşında və ya mümkünsə əl ilə ilıq suda yumaq lazımdır” - deyə Eryılmaz qeyd edib.
Mütəxəssis yuyulmamış paltarlardakı təhlükənin təkcə kimyəvi çirklənmə və ya boya çirklənməsi olmadığını deyib: "Təəssüflər olsun ki, bu gün onlayn alış-veriş çox artıb. Mağazalarda paltarlar yoxlanır, daha çox diqqət edilir. Ancaq onlayn alınan paltarlarda bu, mümkün olmur. Bəzən həmin paltarlar evlərdə yoxlanıb geri qaytarılmış olur. Onu sınaqdan keçirən şəxsdə hər hansı bir bakterial infeksiya, virus infeksiyası və ya qaşınma dediyimiz xəstəlik varsa, bu da asan yolla yayılır. Son bir neçə ildir böyük bəlalara səbəb olan parazitar infeksiyalar, xəstələrdə allergik reaksiya və ya bakterial infeksiyalar artıb. Bunlar təmas yolu ilə ikinci şəxsə keçə bilir. Ona görə də xəstələrimizdən ilk soruşduğumuz şeylərdən biri də "hər hansı bir paltarı sınamısınızmı" və ya "başqa yerdə yatmısınızmı" olur. Paltarla orta hesabla 10-15 dəqiqə təmas kifayətdir. Həmin paltarı alan və geyinən şəxsin onu nə qədər saxladığını bilmirik. Buna görə satın alınan paltarların yuyulması lazımdır. Qotur olduğuna əmin olduğumuz insanlar üçün paltarların 60 dərəcədən yuxarı yuyulmasını istəyirik. Qoturdan şübhələniriksə, onun yüksək temperaturda yuyulmasını məsləhət görürük. Amma bütün paltarların yüksək temperaturda yuyulması onların strukturuna, xüsusən də yeni paltarlara zərər verə bilər".