Səhiyyə Nazirliyindən "Strep-A" xəbərdarlığı!
Türkiyə Səhiyyə Nazirliyi ictimaiyyət arasında “beta” kimi tanınan Strep-A bakteriyasının törətdiyi infeksiya ilə bağlı ictimai şübhələri aradan qaldırmaq məqsədilə yeni açıqlama yayıb. Elanda antibiotik müalicəsinin 24-cü saatı bitənə qədər xəstələrin işə, məktəbə və ya uşaq bağçasına getməmələri bildirilib.
Məlumatda Strep-A-nın necə ötürüldüyü, simptomları, müalicəsi və hansı vəziyyətlərin təcili olduğu ilə bağlı bütün detallar verilib. AFN.az eyni infeksiyanın Azərbaycanda da görünməyə başladığını nəzərə alıb məlumatı təqdim edir:
A qrupu beta-hemolitik streptokoklar (ümumiyyətlə Beta mikrobları kimi tanınır) boğaz, burun və dəridə yaşaya bilən bakteriyalardır. A qrupu beta-hemolitik streptokok infeksiyalarının əksəriyyəti boğaz ağrısı və ya dəri infeksiyaları şəklində nisbətən yüngül infeksiyalardır. Qırmızı qızdırma A qrupu beta-hemolitik streptokokların törətdiyi qızdırma, boğaz ağrısı və səpgi ilə müşayiət olunan xəstəlikdir. Hazırda bu bakterial infeksiyanın qarşısını almaq üçün peyvənd yoxdur.
A qrupu beta-hemolitik streptokoklar nadir hallarda ciddi və həyat üçün təhlükəli infeksiyalara səbəb ola bilər. Ciddi, həyati təhlükəsi olan A qrupu beta hemolitik infeksiyalar bakteriyaların qana, əzələlərə və ya ağciyər toxumasına daxil olduqda baş verir. Əvvəlki viral infeksiyalar ciddi həyati təhlükəsi olan streptokok infeksiyalarına qarşı həssaslığı artırır. 2022-ci ilə kimi, xüsusilə bəzi ölkələrdə həyati təhlükəsi olan ciddi halların sayında əhəmiyyətli artım qeydə alınıb. Xüsusilə sentyabr ayından bəri İngiltərə, İrlandiya, Fransa, Hollandiya, Almaniya və digər Avropa ölkələrindən şikayətlər var. Dünya miqyasında Avstraliya və Yeni Zelandiyadan artmış hallarla bağlı hesabatlar var. Xüsusilə İngiltərə və Hollandiyada ölümcül hallara rast gəlindiyi bildirilir.
İnsan xəstə insanların öskürməsi və asqırması ilə yayılan damlacıqlara birbaşa məruz qalması və ya əllərini yumadan mikrobun yayıldığı səthlərə toxunması, ağız, burun və ya göz təması ilə xəstəliyə yoluxa bilər. Dəridə yoluxmuş yaralarla birbaşa təmasda da ötürülür. 24 saatlıq antibiotik müalicəsindən sonra xəstə olan insanlar artıq yoluxucu olmurlar.
Əlamətləri bunlardır:
- Hərarətin qəfil qalxması
- Qəfil başlayan boğaz ağrısı
- Boyun limfa düyünlərində böyümə və ağrı,
- Baş ağrısı, zəiflik,
- Bəzi hallarda ürəkbulanma, qarın ağrısı, qusma,
Bədəndə geniş yayılmış səpgi və qızartı da görünə bilər.
Qeyd: Burun axması, öskürək, soyuqdəymə əlamətləri olan insanlarda A qrupunun beta-hemolitik streptokok infeksiyasına tutulma ehtimalı çox azdır.
A qrupu beta hemolitik streptokok infeksiyalarının müalicəsinə erkən, infeksiya irəliləməmişdən əvvəl başlamaq həyati təhlükəsi olan ciddi A geubu beta hemolitik streptokok infeksiyasının inkişafının qarşısının alınmasında çox vacibdir. Həkimin tövsiyə etdiyi antibiotik müalicəsi (oral şərbət/həb və ya əzələdaxili inyeksiya) ilə tam sağalma əldə edilir və mümkün pis nəticələrin qarşısı alınır. Əsas odur ki, müalicəni həkiminizin tövsiyə etdiyi şəkildə və vaxtında düzgün tətbiq edəsiniz. A qrupu beta-hemolitik streptokok boğaz infeksiyası olan insanlar antibiotik terapiyasının 24-cü saatı başa çatana qədər işə, məktəbə və ya uşaq baxçasına getməməlidirlər.
Həyati təhlükəsi olan ciddi A qrupu beta-hemolitik streptokok infeksiyalarının inkişafının qarşısını almaq və ya nəzarət etmək üçün aşağıdakı hallarda ailə həkiminizə və ya xəstəxanaya müraciət edin:
- Əgər övladınızda qəfil başlayan hərarət və boğaz ağrısı varsa, lakin asqırma, öskürək və burun axması kimi şikayətlər yoxdursa (bunlar viral infeksiyadan xəbər verir);
- Ağrı kəsici və qızdırmasalıcı dərmanlar verməyə baxmayaraq, qızdırmanı sala bilmirsinizsə və daha da pisləşirsə;
- Normaldan çox az yemək və ya maye qəbul etməmək halı varsa;
- Bədəndə qızartı və səpgilər yayılarsa;
- Körpənin yaşı 3 aydan azdırsa və qızdırması 38 dərəcə və ya daha yüksəkdirsə, yaxud 3 aydan yuxarıdırsa və 39 dərəcə və daha yüksək qızdırması varsa.
- Aşağıdakı hallardan hər hansı biri olduqda, təcili yardım xəttinə zəng edin
Övladınız:
- Nəfəs almaqda çətinlik çəkirsə (xırıltı ola bilər və ya nəfəs alarkən mədənin qabırğaların altına batdığını hiss edə bilər);
- Nəfəs almada fasilələr varsa;
- Bədənində sürətlə yayılan səpgilər varsa;
- Dəri, dil və ya dodaqlar göyərirsə;
- Dəri solğun və ya soyuq və rütubətli hiss edirsə;
- Tutma varsa (qıcolmalar, huşunu itirmə);
- Yuxudan oyanmırsa.