İndoneziya yeni paytaxtına köçür


Hazırkı paytaxtı Cakartanın təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə ucbatından sürətlə “batması” səbəbindən İndoneziya yeni paytaxta köçür.


İndoneziya prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində Nusantara adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.

Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Vidodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirib.

Tikintisi davam edən Prezident Sarayının qarşısında çıxış edən Vidodo, "Yeni ofisimlə bağlı son dərəcə nikbinəm. Avqust ayında Müstəqillik Günü qeyd etmələri çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq" - deyə bildirib.

Nusantarada su çəninə baxış keçirən, universitet və məktəblərin təməlqoyma mərasimlərində iştirak edən prezident hava limanının tikintisinin avqust ayında başa çatdırılmasının gözlənildiyini deyib.

2019-cu ildə elan edilən, lakin Covid-19 epidemiyası səbəbindən təxirə salınan paytaxtın köçürülməsi planının bu il tamamlanacağı gözlənilir.

İndoneziya hökuməti 10 milyonluq əhalisi, hər il baş verən daşqınlar, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə kimi təbii fəlakətlər səbəbiylə Yava adasının indiki paytaxtı Cakartanı köçürmək istədiyini açıqlamışdı.

Vidodo hökuməti həmçinin ölkə əhalisinin 60 faizindən çoxunun və iqtisadi fəaliyyətlərin yarıdan çoxunun cəmləşdiyi Yava adasının yükünü azaltmağı və milli sərvəti bütün ölkəyə yaymağı hədəflədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu