Amerikanın ilk qaradərili astronavt namizədi 90 yaşında kosmosa uçdu
Birləşmiş Ştatların ilk qaradərili astronavt namizədi olduqdan 60 il sonra Ed Duayt nəhayət kosmosa uçub.
"Blue Origin"in "New Shepard" raketi altı nəfəri Karman xəttinə (atmosferin bitdiyi və Yer səthindən 62 mil yüksəklikdə kosmosun başladığı sərhəd) aparıb. Ekipajda keçmiş Hərbi Hava Qüvvələrinin kapitanı Duayt da var. Con F. Kennedi onu 1961-ci ildə astronavt namizədi kimi seçib, lakin Duayt heç vaxt NASA-nın astronavt hazırlığı proqramına qəbul olunmayıb və heç vaxt kosmosa getməyib. Səfərini başa vurub keçən həftə sonu Yerə qayıtdıqdan sonra kapsuldan çıxan 90 yaşlı Duayt hər iki əlini yuxarı qaldıraraq sevincini ifadə edib.
"Bu heyrətamizdir! Bu, həyatı dəyişən bir təcrübədir. Hər kəs bunu etməlidir. Mən bilmirdim ki, həyatımda buna ehtiyacım var", - deyə o, NPR-ə açıqlamasında bildirib.
Duayt 1933-cü ildə Kanzasda anadan olub. Onun şəxsi internet saytında verilən məlumata görə, o, 1953-cü ildə ABŞ Hərbi Hava Qüvvələrinə qoşulub, pilot hazırlığını bitirib və hərbi qırıcı pilot kimi xidmət edib. 1957-ci ildə Arizona Dövlət Universitetində aviasiya mühəndisliyi dərəcəsi alıb.
Astronavt olmağa hazırlığının bir hissəsi olaraq, Duayt eksperimental sınaq pilotu kursunu və aviasiya tədqiqat pilotu təlimini tamamlayıb və aviasiya tədqiqat pilotu kimi xidmət edib. "Washington Post" qəzetinin yazdığına görə, Hərbi Hava Qüvvələri ona NASA-da astronavt təhsili almağı tövsiyə etsə də, seçilməyib.